Zahir Əzəmət
Ölkə 14:22 18.08.2015

Rasimin qanı sizə halal olsun!



Zahir Əzəmət

Medianın 140 illiyi qeyd ediləndə, bir çoxlarına mükafatlar və fəxri adlar veriləndə, sosial şəbəkədə, bir çox çevrələrdə uzun-uzadı mübahisələr başladı... Əhməd niyə mükafat aldı, Məmməd nədən təltif olundu, əsl media kimdir, ümumiyyətlə jurnalistlərin bu şəkildə mükafatlandırılması  doğrudurmu və s.

Mən də bir neçə dəfə belə mübahisələrin şahidi oldum. Və dostlar fikrimi soruşanda sakitcə pıçıldadım: Azərbaycanda media yoxdur... Bir vaxtlar var idi... İndi isə yoxdur. Barmaqla sayılacaq qədər jurnalist qalıbsa da, media yoxdur, yoxdur, yoxdur!!!

Hamımızın ipi harasa bağlıdır, kefləri istəyəndə bu ipi çəkir, boşaldır və ya kəsirlər...

Hərdən isə təsadüfən həm də öldürürlər.

Kimin reket, kimin ciddi media olması mübahisələri də gülüncdür.  Fərqi nədir ki, birimiz bir əldən alır, digərimiz 40 əldən toplamaq üçün dəridən-qabıqdan çıxır.

Jurnalist Rasim Əliyev öldürüləndə ani, emosional bir media həmrəyliyi havası yarandı. Amma yeddisi çıxar-çıxmaz jurnalistin ölümünə döyülməsi olayında rəsmən ittiham olunan futbolçu Cavid Hüseynovun zaminə buraxılması üçün baş redaktorlar imza topladı, hərəkətə keçdi. Siyahıda Mahir Rüstəmli kimi ağır çəkili jurnalist də var. Kampaniyada Qol.Az kimi lider idman portalı da var. Əlbəttə, hüquqi cəhətdən burada ayıb bir şey yoxdur. Ayıb olan başqa şeydir. O şeydir ki, media onu itirib. Həm də bu gün yox, çoxdan.

Kef edin, dostlar, heç bir qınağı da vecinizə almayın. Rasimin qanı sizə halaldır!