Xəbər lenti

Rəqəmlər həyəcan vericidir: Hər iki insandan biri xərçəngə tutula bilər
Sağlamlıq 23:55 03.02.2026

Rəqəmlər həyəcan vericidir: Hər iki insandan biri xərçəngə tutula bilər

Almaniyada səhiyyə gündəmi Robert Koç İnstitutu tərəfindən yayımlanan və cəmiyyətin gələcəyinə işıq tutan şokedici məlumatlarla hərəkətlənib. 

Qaynarinfo xəbər verir ki, 4 fevral Dünya Xərçəng Günü öncəsi ictimaiyyətlə paylaşılan hesabat müasir həyatın ən böyük sağlamlıq təhlükələrindən biri olan xərçəngin ölkədəki hər iki insandan birinin həyatına toxunacağını göstərir. Rəqəmlər yalnız statistik deyil, həm də ictimai alarm xarakteri daşıyır.

İnstitutun analizlərinə görə, Almaniyada yaşayan kişilərin 49%-i, qadınların isə 43%-i həyatlarının bir dövründə xərçəng diaqnozu ilə qarşılaşır. Xüsusilə kişilər üçün vəziyyət bir qədər ağırdır: hesabatda göstərilir ki, hər iki kişidən biri bu xəstəliklə üzləşir, hər yeddi kişidən biri isə 65 yaşına çatmadan diaqnoz alır. Qadınlarda da vəziyyət fərqli deyil: hər altı qadından biri pensiya yaşına çatmadan xərçəng xəbəri ilə sarsılır.

2025-ci ilin dekabrında tamamlanan "Almaniyada Xərçəng" adlı tədqiqatda 2023-cü ilə aid təsdiqlənmiş məlumatlar əsas götürülüb. Bu məlumatlara görə, bir il ərzində yarım milyondan çox insan kanser qurbanına çevrilib. Ümumilikdə 517 min 800 yeni xəstə qeydə alınıb. Prostat, döş və ağciyər kanseri siyahının başında yer alır.

Döş xərçəng qorxudan artım

Hesabatdakı diqqət çəkən məqamlardan biri, qadınlar arasında ən yayğın növ olan döş xərçəngindəki artım tempidir. 1999-cu ildə 30–49 yaş aralığındakı hər 100 min qadından təxminən 86-sında müşahidə olunan bu xəstəlik, 2023-cü ilə gəldikdə 108 hadisəyə qədər yüksəlib. Kişilər arasında isə prostat xərçəngi ən çox görülən növ olaraq qalır. Həm kişilərdə, həm də qadınlarda ağciyər və bağırsaq xərçəngi ən çox rast gəlinən ikinci diaqnoz kimi qeydə alınıb.

Xəstəliyin ölümcül tərəfi də hesabatda öz əksini tapıb. Almaniyada bir il ərzində təxminən 229 min nəfər xərçəng səbəbindən həyatını itirib. Həyatını itirənlərin 123 mini kişilər, 106 mini isə qadınlardır. Robert Koç İnstitutu rəsmiləri Dünya Xərçəng Günü münasibətilə vətəndaşlara önəmli çağırış edib. Mütəxəssislər xərçəngin qaçılmaz bir talə olmadığını və erkən diaqnozun həyat qurtardığını vurğulayaraq, hər kəsi skrininq testlərini etdirməyə və mütəmadi müayinə olunmağa dəvət edirlər.

Aydın
--> -->