Xəbər lenti

Dünya 14:08 12.07.2026

"Rolls-Royce" deyil: II Elizabetin çox sevdiyi 12 milyon dollarlıq unikal avtomobil

Mərhum Britaniya Kraliçası II Elizabetin avtomobil kolleksiyası hər zaman maraq doğurub. Lakin bu kolleksiyada xüsusi yer tutan avtomobil 2002-ci ildə Qızıl Yubileyi münasibətilə ona hədiyyə edilən "Bentley State Limousine” olub.
 
Qaynarinfo xəbər verir ki, "Supercar Blondie” nəşrinin yazdığına görə, həmin dövrdə bu limuzin 12 milyon dollar dəyərində qiymətləndirilir və dünyanın ikinci ən bahalı avtomobili hesab olunurdu.

Həmin dövrdə dünyanın ən bahalı avtomobili Bruney sultanına məxsus qızılla örtülmüş "Rolls-Royce Silver Spur II” idi. Onun dəyəri 14 milyon dollar olaraq qiymətləndirilirdi.

"Bentley State Limousine” xüsusi olaraq kraliça üçün hazırlandığından bir sıra unikal xüsusiyyətlərə malik idi. Avtomobil zirehli qapılar, kevlar təkərlər, partlayışa davamlı salon və hətta kimyəvi qaz hücumu zamanı sərnişinləri qorumaq üçün hermetik kabinə ilə təchiz edilmişdi.
 


Təhlükəsizliklə yanaşı, rahatlığa da xüsusi diqqət yetirilmişdi. Salon adi limuzinlərlə müqayisədə daha geniş idi, arxa oturacaqlar təbii qoyun yunundan hazırlanmış üzlüklərlə təchiz olunmuşdu. Qapılar isə daha enli hazırlanmış və demək olar ki, 90 dərəcə bucaq altında açılırdı. Bu da kraliçanın rəsmi tədbirlər zamanı avtomobilə rahat minib-düşməsinə imkan verirdi.

II Elizabet üçün cəmi iki belə avtomobil istehsal olunub. Hər iki limuzin ikiqat turbokompressorlu 6,75 litrlik "Rolls-Royce/Bentley L-Series V8” mühərriki ilə təchiz edilib.

Niyə bu "Bentley” kraliçanın hakimiyyətinin simvoluna çevrilib?

Britaniya kral ailəsi üzrə ekspert Lidiya Alti bildirib ki, bu avtomobil II Elizabetin idarəçilik üslubunu tam əks etdirirdi: "Bu model sürətə və ya dəbdəbəyə deyil, görünürlüyə və əlçatanlığa üstünlük verir”.

Ekspertin sözlərinə görə, iri şüşə səthi və oturacağın yüksək yerləşməsi sayəsində insanlar rəsmi tədbirlər zamanı monarxı rahat görə bilirdilər: "Məncə, «Bentley State Limousine» məhz II Elizabetin hakimiyyət dövrünü mükəmməl şəkildə əks etdirdiyi üçün bu qədər məşhurdur”.

Onun fikrincə, avtomobil müasir mühəndislik həllərini Britaniya monarxiyasının ənənələri ilə uğurla birləşdirib.

Limuzinlər bu gün də istifadə olunur

II Elizabetin vəfatından sonra hər iki "Bentley State Limousine” kral avtomobil parkında saxlanılıb. Hazırda onlar Kral III Çarlzın rəsmi dövlət limuzinləri kimi istifadə olunur və Britaniya monarxiyasının ən mühüm mərasimlərində xidmət göstərməyə davam edir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->