Sonuncu Valday konfransında Vladimir Putin, demək olar ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin nöqtəsini qoydu.
Biz burada Rusiya prezidentindən geniş sitat gətirməyəcəyik, çünki onun dedikləri demək olar, artıq hamıya bəllidir.
Sadəcə, onu qeyd edəcəyik ki, Vladimir Putin xatırlatdı ki, sülhməramlıların funksiyası bölgədə atəşkəsə nəzarət etməkdən ibarət idi. Bəli, Rusiya prezidentinin sözlərindən yalnız bir nəticə çıxarmaq olardı. O, da budur ki, sülhməramlılara daha bölgədə ehtiyac yoxdur!..
Təsadüfi deyil ki, təkcə ötən həftə onların altı postu ləğv olundu və belə xəbərlər yayıldı ki, noyabrın birində sülhməramlılar Qarabağı tərk edəcək. Düzdür, bu arada belə məlumatlar da səsləndi ki, guya Rusiyanın təmsilçiləri sülhməramlıların problemlərini müzakirə etmək üçün İrəvana yollanıblar. Amma bu məlumat təsdiqlənmədi və hətta erməni mənbələri belə xəbərlər yaydılar ki, bu haqda onlara heç nə məlum deyil və belə bir şey yoxdur.
Həm də ötən həftə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə demişdi ki, Rusiya sülhməramlıların problemlərini bundan sonra yalnız Bakı ilə müzakirə edəcəkdir.
Düzdür, bizim bir sıra yerli təhlilçilər Dmitri Peskovun bu sözlərini İrəvana qarşı təzyiq kimi yozdular, belə ki, o vaxt Ermənistan parlamenti Beynəlxalq Məhkəmənin Roma Statutunu ratifikasiya etmək ərəfəsində idi.
Amma düşünmürük ki, Dmitri Peskov kimi nüfuzlu məmur feyk - xəbələr yaymış olsun, hətta bu, hansısa siyasi məqsədlərə xidmət etsə belə! Ona görə də güman edirik ki, Rusiya sülhməramlılarının komandanları daha Ermənistan nazirliklərinin döşəmələrinin ağını çıxarmayacaqlar: indi onlara qarşı yalnız bir ünvan lütfkarlıq göstərə bilər və bu da Azərbaycandır...
Amma unutmaq lazım deyil ki, Azərbaycan Rusiya qoşunlarını öz ərazisindən çıxaran ilk Qafqaz respublikasıdır. Moskvada bununla bağlı ümid edirdilər ki, Bakı Qəbələ RLS-ə toxunmaycaq. Amma Azərbaycan onu da ləğv etdi. İndi Kremlin ümidləri keçmiş Dağlıq Qarabağ münaqişəsinin hətta qalıqlarına yönəlib: ruslar hətta Xankəndidə bir məhəlləni belə "qorumağa” hazırdır və son günlərdə belə xəbərlər yayıldı ki, guya sülhməramlılardan ermənilərə çörək bişirmək üçün istifadə edilir...
Amma biz yenə də Rusiya prezidentinin Valdyadakı sözlərinə qayıtmaq istərdik. Onlardan belə nəticə çıxarmaq olar ki, Rusiya və onun prezidenti sülhməramlıların missiyasının başa çatması fikrilə razıdır və onları bölgədən çıxarmağa hazırdır. Elə bu səbəbdən zənn edirik ki, daha 2025-ci ili gözləməyə ehtiyac qalmayacaq.
2020-ci ilin Noyabr razılaşmalarına görə tərəflərdən birinin tələbi yetərlidir ki, Rusiya sülhməramlılarını bölgədən çıxarsın. Azərbaycanın bu məsələ ilə bağlı niyyəti məlumdur. Üstəlik, Bakının ən yaxın müttəfiqi qardaş Ankara da belə hesab edir ki, Moskva 2025-ci ilədək sülhməramlıları bölgədən çıxarmalıdır. Güman edirik ki, Rusiya bütün bunları nəzərə alacaq və təzə xəyallara düşməyəcək.
Hazırda Kreml daha çox İrəvanla məşğuldur, nəinki Xankəndi ilə. Tarix nə göstərdi? Bəli, bir daha məlum oldu ki, Ermənistan kimi hərbi-siyasi müttəfiqdənsə Azərbaycan kimi sözünün sahibi olan qonşu daha yaxşıdır.
Ona görə də biz ümidliyik və optimistik. Düşünürük ki, artıq növbəti ildə keçmiş Dağlıq Qarabağ münaqişəsilə bağlı tamamilə keçmiş zamanda danışacaq və onu keçmiş kimi anacağıq. Yox, bu, unutqanlığa çağırış deyil. Amma qaliblərin mərhəməti də olur. Əlbəttə, həbs edilən və bundan sonra həbs ediləcək separatçı caniləri bağışlamaqdan söhbət belə gedə bilməz – onların axtarışı və məsuliyyətə cəlb edilməsi bundan sonra da davam etməlidir və edəcək də. Amma biz barışa da hazır olmalıyıq. Bunu, birincisi, bizdən qalib dövlət olmağımız tələb edir. İkincisi, hamı əmin olmalıdır ki, rəsmi Bakının bəyanatları üzərində həqiəqətən də gələcəkdə sülh platforması qurmaq mümkündür.
Hüseynbala Səlimov
Şərhlər