Xəbər lenti

Rusiya Gürcüstana qoşun yeridəcək? (ŞƏRH)
Dünya 17:20 23.08.2023

Rusiya Gürcüstana qoşun yeridəcək? (ŞƏRH)

Yersiz çıxışları ilə fərqlənən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı öz ərazisinə daxil edə bilər. 

"Gürcüstanın NATO-ya mümkün qəbulu ilə bağlı yenidən söhbət gedir. Bu ölkədə artıq rusofobiya meylləri başlayıb. Bizə 2008-ci il tarixinin təkrarı lazım deyil. BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları varsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Əgər bunun üçün yaxşı səbəblər varsa, o, həyata keçirilə bilər”, deyə o, qeyd edib. 

Qeyd edək ki, Kreml işağl altında saxladığı Ukrayna torpaqlarına öz ərazisi kimi baxaraq, onların Rusiyaya birləşdirilməsi barədə qərar verib. Amma Kremlin bu addımı heç də Ukraynanın onun qarşısında tənzim etməsinə gətirib çıxarmadı. Əksinə, bu hadisədən sonra Ukrayna Ordusunun düşməni sıxışdırması daha intensiv xarakter alıb və bir çox ərazilər artıq azad edilib. 

Bu fonda, Rusiyanın təzyiqlərinə rəğmən Kiyev NATO-ya üzv olmaq məsələsində bir addım da geri çəkilmədi. Əksinə, NATO-nun Vilnüs sammiti göstərdi ki, Ukrayna bu quruma üzv olmaq istiqamətində daha bir addım irəliləyib. Yəni, Ukrayna timsalı göstərdi ki, Moskvanın təzyiqləri həmin ölkənin Qərbə inteqrasiyasına heç bir vəclə əngəl ola bilməyəcək. 

Bu mənada, Medvedyevin açıqlaması aydındır ki, Tiflisi qorxurmaq məqsədi daşıyır. Bununla Rusiyanın keçmiş prezidenti Tiflisi bu istəkdən vaz keçməyə təhrik etmək istəyir. Onsuz da Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri artıq 15 ildir ki, Rusiyanın nəzarəti altında "müstəqil” olaraq fəaliyyət göstərirlər. Mövcud vəziyyətdə Tiflisin Kiyevdən fərqli olaraq həmin ərazilərini geri qaytarmaq istəyi olsa da belə, onu reallaşdırmaq gücü və potensialı yoxdur. Gürcüstan hətta NATO-dan imtina etsə belə, Kreml sözügedən əraziləri xoşluqla yenidən qaytarmayacaq. Belə olan halda isə Medvedyevin təhdidi Tiflisin NATO-ya üzv olmaq məsələsinə heç bir əngəl ola bilməz. Burada əsas məsələ, Gürcüstanın hazırkı hökumətinin atacağı addımlardan asılı olacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->