"Ukrayna rəsmiləri qarşı tərəfin zərbələrinə sərt cavab veriləcəyini deməklə düşünürəm ki, əsasən Moskvanın vurulmasını nəzərdə tuturlar".
Bunu Qaynarinfo-ya açıqlmasında hərbi ekspert Üzeyir Cəfərov Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevə son hücumdan sonra Rusiyanı sərt cavab tədbirləri ilə hədələməsi fonunda hansı addımları atacağını ehtimal edərkən deyib.
Üzeyir Cəfərov bildirib ki, media və ictimai şüurda kəskin əks cavab zərbəsi deyilərkən məhz Moskvanın adı çəkilir:
"Artıq ABŞ prezidenti Tramp da Putinin hərəkətlərilə bağlı narazılığını bildirib. Bu da o deməkdir ki, Ukraynaya istədiyini etməsi üçün bütün imkanlar yaradılıb".
Həmsöhbətimizə görə, ola bilsin Kiyev cavab zərbəsi olaraq Moskva yaxınlığındakı hansısa bir strateji obyekti vursun:
"Ola da bilsin gözlənilməz olan hansısa başqa bir obyektlərə zərbələr endirilsin".
Hətta Üzeyir Cəfərov düşünür ki, Ukraynanın cavab zərbəsi Rusiya siyasiləri və ya yüksək rütbəli hərbçilərindən kimlərinsə aradan götürülməsi istiqamətində də ola bilər:
"Həmin variant da istisna edilmir. Bu model artıq Yaxın Şərqdə cərəyan edən münaqişələrdə sınaqdan keçirilib. Amma istənilən halda hesab edirəm ki, Ukraynanın Rusiyaya cavab zərbəsi qısa zamanda özünü göstərəcək. Son iki gündə Rusiya çox azğınlaşıb. 700-dən artıq dron və balistik raketlə Kiyevə hücum həyata keçirib, ölən və yaralananlar var".
Ekspertin fikrincə, Rusiyaya elə bir zərbə vurulmalıdır ki, Putin ondan sarsılsın:
"Yəqin ki, daha səs-küylü cavab zərbələri olacaq. Böyük ehtimalla bu da Amerikanın baş verənlərin Rusiyanın atəşkəs çağırışlarına getməyərək, etdiyi hərəkətlərinə cavab olduğu barədə bəyanat verməsinə hesablanıb. Hər halda səs-küylü cavab zərbələri olacaq ki, müharibə bir qədər səngisin və yaxud dayansın".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə son hücumdan sonra Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib. Zelenski bu barədə teleqram kanalında yazıb.
O bildirib ki, Rusiya Silahlı Qüvvələri təxminən on saat davam edən kütləvi hücum həyata keçirib və əsas hədəf Kiyev olub: "Rusiyanın bu cür zərbələrinə sərt cavab verilməlidir. Biz də məhz belə cavab verəcəyik".
Xatırladaq ki, Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə PUA-larla hücum edib. Hücumlar nəticəsində 2 nəfər ölüb, 16 nəfər isə yaralanıb. Kiyevin müxtəlif ərazilərində yanğınlar baş verib.
Rüfət Sultan
Şərhlər