Siyasət 23:31 26.04.2023

“Rusiya Volkovu ona görə başqası ilə əvəzlədi ki...” - Partiya sədri

"Rusiya sülhməramlılarının rəhbərliyinin dəyişdirilməsi bölgədə yaranan yeni situasiya ilə bağlı ola bilər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəiliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycanın Qarabağ ərazisində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları kontingentinin rəhbərliyində baş verən növbəti dəyişikliyi şərh edərkən deyib:

"Bu dəyişiklik ilk növbədə rotasiya proseduru ilə bağlı ola bilər. Komandanlıq ola bilsin ki, belə yerdəyişmə ilə əsgərlərin müəyyən qismini Ukraynaya savaşa göndərir. Belə məlumatlar da səslənir ki, Qarabağda xidmət edən bəzi rus hərbçiləri sonradan Ukraynaya  göndərilib. Digər tərəfdən, Volkovun dəyişdirilməsi Bakının onun fəaliyyətindən   kifayət qədər narazı qalması ilə də bağlı ola bilər  Belə ki, o imkanlarını fərqli istiqamətə yönəltmişdi. Çalışırdı ki, müxtəlif üsullarla adam daşımaq, ermənilərin silah-sursatını Qarabağa buraxmaqla pul qazansın. Hətta onun orada ferma yaratdığı, əkin sahələrindən istifadə etdiyi barədə də məlumatlar var. Yaranan yeni siyasi situasiya da həmin dəyişikliyə rəvac verə bilər. Azərbaycan ərazidə sərhədlərimizi tam bərpa edəndən sonra ola bilsin ki, Rusiya komandanlığı da Lentsovu yeni təlimatla əraziyə göndərib. Volkova isə tamamilə fərqli təlimatlar verilib. Moskva regionda yaranan yeni reallıqla razılaşmağa məhkumdur, başqa yolu da yoxdur. Azərbaycan keçid məntəqəsi yaratmaq, sərhədi bərpa etməklə sübut etdi ki, heç bir təzyiq ölkəmizə təsir edə bilməz. Rusiya burada düşdüyü güzsüzlüyünü ört-basdır etmək üçün də yanlışlığa yol verən köhnə komandanlığı yenisilə əvəzləyib”. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda yerləşən rus sülhməramlı kontingentinin komandanlığında dəyişiklik edib. Dəyişikliyə əsasən  Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov həmin vəzifədə Andrey Volkovu əvəz edib. 

Rüfət Sultan