Siyasət 15:33 30.11.2023

"Rusiyanın TDY-ə üzv olması məqsədəuyğun deyil" - Ekspert

"Moskvanın belə bir istəyi daha çox Rusiyanın geopolitik maraqlarına xidmət edir və yeni qurulmaqda olan Türk Dövlətləri Təşkilatı (TDT) üçün faydalı heç nə vəd etmir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiyanın TDT-yə üzv olmaq istəyini şərh edərkən deyib.

Taleh Əliyev qeyd edib ki, Rusiya bundan öncə İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyib. Bunu da ölkədə xeyli sayda müsəlmanların yaşaması ilə əlaqələndirib:

"Rusiyada həmçinin türkdili muxtar respublikalar da var. Məhz bu məqamlar Rusiyanın belə bir manevr cəhdində bulunmasına əsas yaradır. Amma Moskvanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmasını məqsədəuyğun hesab etmirəm. Çünki Rusiyanın ora daxil olması TDT-nın vahid güc mərkəzi kmi formalaşması, onun özünü kənar təhdidlərdən qorumasında problem yarada bilər”. 
 


Ekspert vurğulayıb ki, Rusiyanın bu niyyətinin reallaşması TDT üçün faydalı heç nə vəd etmir:

"Ona görə də TDT üzvləri ona etiraz etməlidir. Onlar Moskvanın bu istəyinə isti yanaşmamalıdır. Çünki Rusiyanın bu təşkilata üzvlüyü hazırda təklənən Moskva üçün yeni imkan və fürsətlər yaradacaq ki, bununla da TDT özünün gələcəyini risq altına atmış olacaq. Bu gün Türkiyə ilə Rusiya arasında münasibətlər strateji əməkdaşlıqdan daha çox cari iş birliyi xarakteri daşıyır. Hər iki dövlət eyni coğrafiyaya, Cənubi Qafqaz, Orta Asiya, Sibir və Uşaq Şərqə iddialıdır. Bu baxımdan, Ankara ilə  Moskvanın strateji olaraq ortaq dəyərləri paylaşacaqları qənaətində deyiləm. Rusiyanın bu istəyi "cəhənnəmə gedən, özününə yoldaş axtarır” məşhur məsəlinə bənzəyir”. 

Qeyd edək ki, Ankaradakı Rusiya Araşdırmaları Mərkəzinin məlumatına görə, Rusiya Federasiyası Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaq üçün dəvət gözləyir. Buna Rusiya daxilində 37 fərqli türk  etnik qrupunun olması, türklərin vətəni Altay dağlarının Rusiya ərazisində yerləşməsi, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan kimi böyük etnik türk muxtar respublikalarının varlığı əsas göstərilir. Moskva 20 milyona yaxın türkün yaşadığı Rusiyanın türk dünyasına Macarıstandan daha yaxın olduğunu düşünür. 

Rüfət Sultan