Siyasət 16:02 25.06.2022

Rusiyanın xilası Azərbaycan və Türkiyədən asılıdır - Politoloq

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başa çatdı. Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşü oldu. Rysiyalı diplomat Bakı səfəri zamanı bir sıra mesajları ilə yadda qaldı. Digər tərəfdən, S.Lavrov Bakıya dəfələrlə gəlməsinə rəğmən, ilk dəfə olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Azərbaycanda rus dilinə verilən qiyməti dəyərləndirməklə yanaşı Lavrov rus dilli məktəblərin sayının artırılmasını da vurğuladı.

S. Lavrovun Bakıda səsləndirdiyi mesajlar nəyi dəyişəcək?

Məsələ ilə bağlı Qaynarinfoya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, Rusiya Bakı ilə Ankara arasında olan münasibətlərinə xələl gətirməməyə çalışır:

"Lavrovun verdiyi mesajlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı həyata keçiriləcək tədbirlər, Zəngəzur dəhlizinin açılması istiqamətində bəzi məqamlara təsir göstərəcək. Məsələ ondadır ki, Moskva hazırda Ermənistanın əlilə Azərbaycanla oynayır. Azərbaycan da siyasi oyunun iştirakçısı kimi öz oyununu oynayır. Lavrov Bakıya hazır reseptlə gəlmişdi. Rusiya çalışır ki, 3+3 formatını həyata keçirsin. Moskva Türkiyəyə alternativ olaraq İranı bu prosesə cəlb etmək istəyir. Azərbaycan üçün alternativ isə Ermənistandır. Moskva Minsk qrupunun əleyhinə danışmaq, Qarabağın statusu ilə bağlı heç bir fikir söyləməməklə Avropa İttifaqının həyata keçirmək istədiyi təkliflərə sahiblənmək istəyir. Rusiyanın yeganə xilası Azərbaycan və Türkiyədən asılıdır. Kremlin Qərbə yolu bağlıdır. Şərqdə isə heç kəs onu sevmir. Belədə perspektivdə Rusiya məcbur olacaq ki, Bakı ilə Ankara arasında olan münasibətlərinə xələl gətirməsin”.

Rüfət Sultan