Səbuhi Həsənov
İdman 09:07 10.06.2022

Samir tək qalmışdı

Premyer Liqada bu mövsüm ikinci pilləni tutan "Neftçi” ötən gün baş məşqçi Samir Abasovla yolları ayırdı. Əlbəttə, məşqçi hər şeyə hazır olmalıdır. Yəni, bir insanın hansısa klubda tutduğu vəzifədə (söhbət futboldan gedir) ömür boyu qalması çox nadir hallarda rast gəlinən hadisədir. Düzdür, dünya futbolunda Arsen Venger, Ser Aleks Ferqüsson və sair kimi nadir nümunələr var. Ancaq eyni sözləri hamı üçün demək mümkün deyil. Azərbaycanda hələ ki, yeganə belə nümunə 2008-ci ildən "Qarabağ”ın baş məşqçisi vəzifəsində çalışan Qurban Qurbanovdur. Rəhbərliyin böyük etimad göstərdiyi təcrübəli mütəxəssis ona bəslənən ümidləri layiqincə doğrultmaqdadır. Bütün bunlar öz yerində…

Belə deyim var: "Məşqçinin çamadanı hər zaman yanında olur”. Bu gün uğur qazanırsansa, azarkeşlər, klub rəhbərliyi səni sevir, rəğbət bəsləyir, sabah uduzanda elə həmin insanlar tərəfindən tənqid "atəşinə” tutulursan. Hətta təhqirlərdən belə çəkinməyənlərin sözlərini "yeməli” olursan. Bunun isə nə sonu var, nə başlanğıcı. Məşqçi həyatı belədir. Abasov da "Neftçi”də oxşar məşqçilik həyatı yaşadı. Xatırlayın, komandaya yeni təyin olunanda hətta azarkeşlər onu dəstəkləyib-dəstəkləməməkdə tərəddüd edirdi. Amma eyni zamanda ümidlər də bəslənilirdi. Abasov da ötən il ona bəslənilən ümidləri doğrultdu. Uzun illərdən sonra "Neftçi”ni 9-cu çempionluğuna qovuşdurdu. Bəs sonu? Bəs əziyyətə verilən dəyər? Suala özüm cavab verim. Abasov əziyyətinin dəyərini görmədi. Söhbət maddi deyil, mənəvi dəyərdən gedir. Düzdür, onun tamamilə günahsız olduğunu deyə bilmərəm. Ümumiyyətlə bu, mümkün deyil. İş varsa, səhv də var. Amma…

Fikirlərimi daha aydın izah etmək üçün bir misal çəkim. Klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov açıqlamasında bildirib ki, Abasovla müqavilə müddətini birinci yer tutmadığına və kuboku qazana bilmədiyinə görə uzatmayıblar. Yəni, bu, o anlama gəlir ki, bütün günahları məhz məşqçidə görüblər. Əslində, Abasovun baş məşqçi təyin olunanda çempionluq sözü verdiyinə qətiyyən inanmıram. Yəni, normal, dərin futbol anlayışı olan insan belə söz verməz. Çünki bu, startegiya və şans məsələsidir. Təbii, bir az da dəstək. Ancaq "Neftçi” Samirə istədiyi dəstəyi nə dərəcədə göstərdi? Bax bu ciddi sualdır. Bilirsiniz ki, mövsümə çox əvvəldən, hələ yay fasiləsindən hazırlıq görürlər. Ancaq mütəxəssis hər dəfə jurnalistlər önünə çıxanda rəhbərliyə işarə vuraraq deyirdi ki, istədiyi transferləri həyata keçirə bilmir. Üstəlik mövsümün gedişində bir sıra aparıcı futbolçular da komandanı tərk etdi. Bununla belə "Neftçi” ikinci pilləni tutmağı bacardı. Hər halda belə bir vəziyyətdə "Qarabağ”la "dirəşmək” elə də asan deyildi. Amma Abasov "dirəşdi” və bu mövsüm komandaya mümkün olan ən yaxşı nəticəni qazandırdı. "İşləyə-işləyə təcrübə yığmaq” prisnsipini nəzərə alsaq düşünürəm ki, Abasov daha bir şansa layiq idi. Onu da düşünürəm ki, Samir meydanda tək qalmışdı. Rəhbərlikdən istədiyi dəstəyi görməməklə yanaşı mövsümün sonlarına yaxın azarkeşlər də onu tək buraxdı. Təsəvvür edin, həmişə "biz sona qədər komandanın yanında olacağıq” deyən azarkeşlər Abasovun rəhbərlik etdiyi komandanın sonuncu - "Qarabağ”la matçına gəlib dəstək verməkdən imtina etdilər. Baxmayaraq ki, qızıl olmasa da, gümüş medallar təmin edilmişdi. Komanda daxilində korlanmış ab-havanı da üstünə gəlsək, Abasovun hansı vəziyyətdə çalışdığı gözlər önünə sərilir. Deməli, "Neftçi”nin uğursuzluğunda (ikinci yer həqiqətən uğursuzluqdursa) heç də əsas günahkar Samir deyildi. Hansı ki, bunu zaman-zaman şəxsən danışdığım mütəxəssislər də dilə gətirib. Deməli, Abasovun günahkar olmadığını bilən təkcə mən deyiləm… Deməli, "Neftçi”dən getməli olan şəxs təkcə Samir Abasov deyildi…

Səbuhi Həsənov