İdman 15:07 05.12.2023

“Səbail”in hücumçusu: “Həmin an o qol vurmasaydı, bunu mən edəcəkdim”

"Səbail” bu mövsüm heç də pis çıxış etmir. Turnir cədvəlində dördüncü yerdə qərarlaşan Bakı klubu hələ ki, daha yuxarı pillələrə iddiasını qoruyub saxlayır. Bəs potensial necədir? Sona qədər davam gətirə biləcəklərmi?

Komandanın hücumçusu Amil Yunanov Qaynarinfo-ya açıqlamasında komandanın durumundan, ötən tur "Araz-Naxçıvan”a qarşı keçirdikləri matçdan və hədəflərdən danışıb:

"Araz-Naxçıvan”la oyuna qələbə üçün çıxmışdıq. Açığı oyunumuz istədiyimiz kimi alınmadı. Məncə, bir xalı qənaətbəxş saymaq olar. Çünki çətin oyun keçdi. Sırf "Səbail”in bəxti gətirdi” deməzdim. Düzdür, futbol şans oyunudur. Şansın gətirirsə, üstünsən. Vurulan qollar həmişə şansdan irəli gəlir. Əslində, şansımızın gətirdiyini də düşünmək olar, çünki rəqib öz qapısına qol vurdu”.

"Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiçin "Səbail”lə matçda sanki rəqib hücumçu imiş kimi öz qapısına vurduğu qol çox maraqlı alındı. Oyundan sonra ətrafında müəyyən söz-söhbətlər yaranan bosniya və hersoqovinalı futbolçunun avtoqoluna Yunanovun münasibəti belə olub:

"Həmin an o qol vurmasaydı və bir addım öndə olsaydım, bunu mən edəcəkdim. Qismət belə gətirdi ki, futbolçu öz qapısına qol vurdu. Məncə o belə qol vurmaq istəməzdi. Maraqlı, qeyri-adi, aşırma qol alındı. Bəlkə də mən hücumçu kimi həmin anda heç aşırma qol vurmağı düşünməzdim. Çünki top qarşıma gəlirdi. Fikirləşib elə vurmağı… Hərə bir şey deyə bilər. Əlavə olunmuş dəqiqələrdə vurulan qol idi. İnanmıram ki, bilərəkdən öz qapısına vursun, çünki komandanın kapitanıdır. Düzdür, onu tanımıram, amma mümkün deyil ki, öz qapısına bilərəkdən qol vursun. Həqiqətən qeyri-adi qol oldu”.

Hücumçu "Səbail” üçün uğurlu sayılacaq dördüncü pilləyə qədər yüksəlmələrinin səbəbini belə izah edib:

"Şahin müəllim öz komandasını yığıb. Keçən il fərqli komanda idi. Mövsümə zəif başlasaq da, sonradan toparlandıq. Bəlkə də son illərin ən maraqlı çempionatı gedir. Hamı bir-birini udur, mübarizə aparır. Heç kim rəqibdən rahat xal ala bilmir. Aşağıda yer alan komandalarla üçüncü, dördüncü arasında elə də fərq yoxdur. Həqiqətən keyfiyyətli futbolçularımız var. İnsani cəhətdən də yaxşıdırlar. Bu futbolda vacib amildir. Hamı bir-birini tamamlayır deyə bilərəm. Rəhbərlik, məşqçilər yaxşıdır, daim futbolçuların qayğısına qalırlar. Belə olan halda nəticələr gəlir. 36 oyunun hamısını yaxşı keçirə bilməzsən. Axsamalar da mümkündür. Kollektiv sağlamdırsa, nəticələr gec-tez gələcək”.



Bəs Amil "Səbail”in potensialı və maksimum hansı hədəflər uğrunda mübarizə apara biləcəyi haqda nə düşünür?
 
"Qarşımıza konkret çempion olmaq, avrokuboklara getmək hədəfi qoyulmayıb. Maksimum yuxarı pillələrə qədər getmək istəyirik. Fikrimcə, "Səbail” buna layiqdir", deyə futbolçu bildirib.

Yunanov cari çempionatda onu nələrin təəccübləndirdiyi haqda sualı belə cavablandırıb:

"Təəccübləndirən çempionatın belə gərgin keçməsidir. 12-13 ildir Premyer Liqada oynayıram. Açığı, son illərin bəlkə də ən gərgin çempionatıdır. Ötən mövsüm hamı düşünürdü ki, heç kim Birinci Liqaya getməyəcək. Sonda "Şamaxı”nın düşdüyünü gördük. İndi hər komanda aşağı düşə bilər. Çempionat mən gözlədiyimdən də maraqlı keçir. Belə nəticələrin qeydə alınmasının səbəbi rəqiblərin güclənməsidir. Elə oyun olub zəif çıxış etmişik, amma qələbə qazanmışıq. Bəzən də əksinə alınıb. Futbol şans oyunudur. Oyun boyu heç nə etməzsən, amma bir avtoqolla qələbə qazanrsan. Qəbələdəki oyunda 90 dəqiqə ərzində zəif oynadıq, az hücumlar etdik, amma əlavə olunmuş dəqiqələrdə qol vurub qələbə qazandıq. Sabah bu bizim də başımıza gələ bilər”.

Futbolçu hazırda "Səbail” üçün nəticənin daha önəmli olduğunu bildirib:

"Futbol elə oyundur ki, nəticə vacibdir. Yaxşı oynayım, amma hər dəfə uduzum. Belədə axırda turnir cədvəlinin aşağı pilləsinə düşərəm. Sonda nəticəyə baxırlar. Düzdür, həm yaxşı oyun, həm də nəticə çox əla olar. Əsas olan nəticədir”.

Bir çox çempionat oyunlarından sonra hakimlikdən də narazılıqlar edilir. Yunanov oyunlarda hakimliklə bağlı ciddi narazılığı olmadığını bildirib:

"Oyunboyu futbolçu o qədər səhvlər edir ki. Hakim də insandır, səhvlərə yol verə bilər. Ümumilikdə hakimliyi normal hesab edirəm, bacardıqlarını edirlər”. 

Hücumçu növbəti turda qarşılaşacaqları "Sabah”la oyunun hazırlıqlarına da toxunub. O, rəqibin bu mövsüm gözlənilən səviyyədə çıxış etməməsinin "Səbail”də arxayınlıq yaradıb-yaratmadığı haqda sualı belə cavablandırıb:

"Hazırlıqlara dünəndən başlamışıq. Digərlərinə olduğu kimi, bu oyuna da maksimum hazırlaşacağıq. Səfərdə oynayırıq, sərfəli nəticə ilə qayıtmağa çalışacağıq. Düzdür, "Sabah”dan hamı yaxşı nəticə, ikinci, üçüncü pillələrdə olmasını gözləyir. Hazırda belə deyil, amma son oyunlarda çox yaxşı çıxış edirlər. Özlərini tapmağa çalışırlar. Ola bilər ki, bəzi önəmli futbolçuların getməsi oyunlarına təsir edir. Ümumilikdə çox yaxşı kollektivləri və məşqçiləri var. Getdikcə formaya düşürlər. Biz də öz oyunumuzu göstərib nəticə qazanmağa çalışacağıq”. 

Səbuhi Həsənov