XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Evim AVM"dən 96 min manatlıq oğurluq
Ölkə19:00 14.09.2026

"Evim AVM"dən 96 min manatlıq oğurluq

“Evim AVM” Ticarət Mərkəzinin anbarlarından müxtəlif mebel və digər malların oğurlanması ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo xəbər verir ki, cinayət işi üzrə məhkəmə istintaqı Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Məhkəmədə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki, hadisələr “Evim AVM” Ticarət Mərkəzində işlədiyi dövrdə başlayıb. Onun sözlərinə görə, digər şəxslərlə birlikdə anbarların daşınması zamanı malların oğurlanması barədə fikir yaranıb.

Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, mallar “Evim AVM”in Qaraxanbəy ərazisində yerləşən üç anbarından başqa yerə daşınarkən götürülüb. O, oğurluqda 3-4 dəfə iştirak etdiyini və malların şirkətə məxsus avtomobillərlə aparıldığını deyib.

Təqsirləndirilən şəxs götürdüyü malları satmaq və qazanc əldə etmək məqsədi daşımadığını, onları evində istifadə etmək üçün götürdüyünü bildirib.

İş materiallarına görə, oğurlanan mallar arasında “Volt Valentino” yataq dəsti, künclük divan, uşaq yataq dəsti, uşaq yatağı və jurnal stolu da olub.

Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirib ki, anbarın iki açarı olub. Onlardan biri götürülsə də, digər açar avtomobildə qalıb. Malların məhz anbarın daşınması zamanı açarla içəri daxil olunaraq aparıldığı qeyd edilib. Anbarın yaxınlığındakı kameranın da həmin vaxt işlək vəziyyətdə olmadığı müəyyənləşdirilib.

Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini və malları geri qaytardığını bildirib. Zərərçəkmiş tərəf də ziyanın ödənilməsi və malların qaytarılması səbəbindən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

Məhkəmədə ifadə verən şahidlərdən biri evinə gətirilən mebellərin oğurluq olduğunu bilmədiyini bildirib. Digər şahid isə ona verilən döşək və jurnal stolunun hədiyyə olduğunu, malların oğurluq olması barədə məlumatının olmadığını deyib.

Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsinə əsasən, oğurlanan malların orta bazar qiyməti ilə ümumi dəyəri 96 270 manat müəyyən edilib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib.

Ona həmin maddə ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini (şərti məhkum etmə) tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab edib və təqsirləndirilən şəxs üçün 2 il sınaq müddəti müəyyənləşdirib.

Seyid