Siyasət 16:26 28.01.2023

Səfirliklərimiz terrorçuların hədəfində: Nə etməliyik?

"İran kimi Azərbaycana dost münasibət göstərməyən ölkələr nəzərə alınmalı, belə ölkələrdəki səfirliklərimizdə say baxımından mühafizəni gücləndirmək lazımdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ötən ilin sentyabrından başlayaraq, dünyanın müxtəlif ölkələrindəki Azərbaycan səfirliklərinə edilən hücumlar fonunda xaricdəki diplomatik korpusumuzun təhlükəsizliyi məsələsinə ciddi yanaşmağın vacib olduğuna diqqəti çəkərkən deyib. Ekspert bildirib ki, İran dövləti öz funksiyasını yerinə yetirməyib:



"Londondakı səfirliyimizdə təhlükəsizlik və mühafizə məsələsi çox aşağı səviyyədə idi. Görünür, Avropanın demokratik ölkəsində belə olayların ola bilməyəcəyini fikirləşiblər. Amma Tehrandakı səfirliyimizlə bağlı bunu demək olmaz. Əksinə, İran dövləti öz funksiyasını yerinə yetirməyib. Səfirlik üç nəfər mühafizə xidmətilə nə etməli idi ki? Ona görə İrandakı səfirliyimizdə təhlükəsizlik məsələsilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyini günahlandırmaq mümkün deyil. Mühafizə xidməti maksimum çalışıb. Amma mühafizə xidmətinə geniş yer ayrılmır, cəmi bir neçə əməkdaş verilir. Olay göstərdi ki, İran kimi Azərbaycana dost münasibət göstərməyən ölkələr nəzərə alınmalı, belə dövlətlərdəki səfirliklərimizdə say baxımından mühafizəni gücləndirmək lazımdır. Hər halda imkan verilən, mümkün olan səviyyə nədirsə, onu da ediblər. Həmin ölkələr qarşısında məsələni xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycan hazırda beynəlxalq terrorizmin hədəfində olduğundan, səfirliyin mühafizəsi ilə bərabər, ayır-sayıq olsunlar və diqqətdə saxlasınlar”. 

Qeyd edək ki, son 7 ay ərzində Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına qarşı 5 hücum həyata keçirilib. 16 iyun 2022-ci ildə erməni terrorçular Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzinə hücum təşkil ediblər. İkinci hücum isə keçən ilin avqustun 5-də Böyük Britaniyadakı səfirliyimizə olub. Vandallar növbəti belə addımı sentyabrın 16-da Livandakı Azərbaycan səfirliyinə qarşı törədiblər. Sentyabrın 18-də isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Bu ilin yanvarın 27-də isə ölkəmizin Tehrandakı səfirliyi anoloji təxribatla üz-üzə qalıb. 

Rüfət Sultan