Dünya 22:51 24.11.2023

“SEPAH-ın terrorçu təşkilat elan edilməsi onunla  nəticələnəcək ki...” - Ekspert

"İranla nüvə proqramı istiqamətində aparılan danışıqlara son qoyulacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Avropa Parlamentinin SEPAH-ı terrorçu təşkilat adlandıran və İran Prezidentinə sanksiyalar tətbiq edən qətnaməsini şərh edərkən deyib.

"SEPAH-ın terror təşkilatları sırasına əlavə edilməsi və İran prezidentinə qarşı sanksiyaların tətbiqi Avropa İttifaqı ilə Tehran arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olacaq. SEPAH  İranın ən böyük hərbi təşkilatıdır. Avropa  İttifaqı ölkələri, xüsusən də Böyük Britaniya uzun müddət çalışırdı ki, SEPAH terror təşkilatları sırasına daxil edilsin. İran bir müddət bunun qarşısını ala bildi. Belə ki, Tehranla London arasında olan danışıqlar fonunda bu məsələ bir qədər ertələndi”, deyə Əlimusa İbrahimov bildirib.



Həmsöhbətimiz deyib ki, Avropa Parlamentinin SEPAH-la bağlı belə bir qərarı İsrail-HƏMAS müharibəsinin nəticəsidir:

"SEPAH-ın güclənməsi gözlənilirdi. Onun qarşısını almaq üçün də Aİ tərəfindən nəhayət sözügedən addım atıldı. Bu qətnamənin ardınca SEPAH-a qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Hesab edirəm ki, bu addım İrana qarşı çox ciddi zərbədir. Tehranla Avropa arasında münasibətlər daha da kəskinləşəcək. Bu addımla İranın nüvə proqramı istiqamətində aparılan danışıqlara da artıq son qoyulacaq. İran öz, Aİ də öz yolu ilə gedəcək. Halbuki, ona qədər İran Aİ ölkələrilə bu və ya digər şəkildə müəyyən münasibət saxlayırdı. Amma artıq bu münasibətlərə müəyyən müddət son veriləcək”. 

Qeyd edək ki, Avropa Parlamentində İrana qarşı qətnamə qəbul edilib. Mətbuatın yazdığına görə, avropalı qanunvericilər qətnamə qəbul edərək, SEPAH-ın adının Avropa Birliyinin terror təşkilatları siyahısına əlavə edilməsi və İran prezidentinə sanksiya tətbiq edilməsini tələb ediblər. Qətnamə lehinə 516, əleyhinə 4 və 27 bitərəf səslə qəbul edilib. 

Rüfət Sultan