Siyasət 15:44 23.06.2022

Sergey Lavrovun çantasında gizlənən planlar – Politoloq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranda səfərdədir. Səfər çərçivəsində o, İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. S. Lavrov həmçinin, Rusiya Prezidenti Vladimir Putinin iranlı həmkarı İbrahim Rəisi ilə görüşü nəzərdən keçirdiyini bildirib. Bu səfər fonunda Lavrovun İranlı rəsmilərlə nüvə sazişi, Ukrayna, Suriya və Əfqanıstandakı vəziyyət, ölkələr arasında ticari və enerji əməkdaşlığının gücləndirilməsi, Avrasiya ölkələrilə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqıama verən politoloq Cümşüd Nuriyevin fikrincə, Lavrovla İran rəsmiləri arasında əsas müzakirə olunan məsələ Azərbaycan-Türkiyə-İsrail üçbucağıdır. Həmsöhbətimizə görə, Lavrovun səfəri fonunda Tehranla Moskva bu üçbucağı necə dağıtmaq barədə fikirləşə bilərlər:
 
"Bu səfər çərçivəsində Azərbaycan-Ermənistan sülh müaqaviləsi, Zəngəzur dəhlizilə bağlı məsələlərin müzakirəsi də mümkündür. Çünki bu həm İranın siyasi nüfuz dairəsi marağındadır, eyni zamanda, Rusiya da bölgəyə özününki kimi baxır. Azərbaycanla bağlı Tehran və Moskvanın mövqelərinin üst-üstə düşən məqamları çoxdur. İran və Rusiya çalışacaq ki, Bakı ilə İrəvan məsələsində daha çox Ermənistanın siyasi maraqları təmin olunsun. Tehran həmçinin, Zəngəzur dəhlizinin açılmasına maneə olmaq niyyətindədir. Çünki həmin dəhlizin açılması ilə Ermənistan əvvəlki tək İranın nüfuz dairəsində olmayacaq”. 

Ekspert qeyd edir ki, Rusiya İranın nüvə silahı əldə etməsində maraqlıdır:

"İranın nüvə sazişilə bağlı məsələdə Tehranla Moskvanın mövqeyi ümumən üst-üstə düşür. Suriya məsələsində Moskva-Tehran müzakirəsi isə Türkiyənin oradan uzaqlaşdırılmasına xidmət edir. Bölgədə 4 dövlətin marağı var. Moskva ilə Tehran çalışır ki, ABŞ-la Türkiyə oyundankənar qalsın. Hər iki dövlət üçün Əfqanıstan da qara qutudur. Moskva və Tehran ABŞ-ın 80 milyard dollarlıq silahları Əfqanıstanda saxlamasından qorxur. Həmçinin, onlar Əfqanıstanın Pakistanla yaxınlaşmasından çəkinirlər. Əfqanıstanın Tacikistanla sərhəddə ciddi problemlər yaratması da Rusiyanı narahat edir. İranla Rusiyanın Əfqanıstanla bağlı da ortaq maraqları var”. 

Rüfət Sultan