Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında planlaşdırılan danışıqların ləğvi barədə yayılan məlumatları "müharibə tərəfdarı dairələrin sammitin keçirilməsinə mane olmaq cəhdləri” adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, oktyabrın 21-də gec saatlarda X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Siyartonun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Kremlin rəhbəri Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan "sülh sammiti” elan edilən andan etibarən "bir çoxlarının onun baş tutmaması üçün əlindən gələni edəcəyi” aydın idi.
"Müharibəpərəst siyasi elita və onların mediaları hər zaman eyni şəkildə davranır – xüsusilə də hadisə müharibə və ya sülh üçün həlledici ola bilərsə”, – deyə o qeyd edib.
Macarıstan diplomatı əlavə edib ki, eyni hal demək olar ki, Avropa Şurasının hər iclası və sanksiyalar və ya Avropa Sülh Fondu ilə bağlı qərarların qəbulundan əvvəl də müşahidə olunur.
"Bu dəfə də fərqli olmayacaq. Sammit baş tutmayana qədər məlumat sızmaları, saxta xəbərlər və "görüş baş tutmayacaq” tipli bəyanatların dalğası davam edəcək”, – Siyarto bildirib.
Xatırladaq ki, bundan əvvəl mediada ABŞ dövlət katibi Marko Rubio və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında bu həftə keçirilməli olan görüşün təxirə salındığı barədə məlumat yayılmışdı.
Rəsmi səbəblər açıqlanmasa da, mənbələrdən biri bunun Rubio və Lavrovun Rusiya-Ukrayna müharibəsinin mümkün sonu barədə baxışlarının ciddi fərqli olması ilə bağlı olduğunu deyib.
"Reuters” agentliyinin məlumatına görə, Rusiyanın Ukraynada dərhal atəşkəsdən imtinası Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan sammiti də təhlükə altına sala bilər.
Alpər
Şərhlər