Xəbər lenti

Sosializmin sonu: ABŞ-ın təzyiqi altında Kuba
Dünya 16:40 19.06.2026

Sosializmin sonu: ABŞ-ın təzyiqi altında Kuba "yenidənqurma" elan edir

Kubanın qanunverici orqanı Kommunist Partiyası və ölkənin keçmiş lideri Raul Kastronun dəstəklədiyi genişmiqyaslı iqtisadi islahatları yekdilliklə təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, dəyişikliklər sosialist iqtisadiyyatının əhəmiyyətli hissəsinin özəlləşdirilməsini nəzərdə tutur.

Söhbət baş nazir Manuel Marrero tərəfindən təqdim edilən 175-dən çox tədbirdən gedir. Qəbul edilmiş formada həyata keçiriləcəyi təqdirdə, bu islahatlar 1959-cu il inqilabından bəri Kubanın iqtisadi modelində ən böyük dəyişiklik olacaq və faktiki olaraq bazar iqtisadiyyatına keçid anlamına gələcək.

İslahatlar dövlət müəssisələrinin səhmlər və pay bölgüsü əsasında fəaliyyət göstərən özəl kommersiya strukturlarına çevrilməsini nəzərdə tutur. Həmçinin əvvəllər tamamilə dövlətin nəzarətində olan maliyyə sektoruna özəl bankların daxil olmasına imkan yaradılır.

Bundan əlavə, dövlət əmlakının yerli və xarici hüquqi və fiziki şəxslərə, o cümlədən xaricdə yaşayan kubalılara satılmasına icazə veriləcək. Bu, torpaq və sənayenin ənənəvi olaraq dövlət nəzarətində olduğu ölkə üçün ciddi dəyişiklik hesab olunur.

Kubanın prezidenti Migel Dias-Kanel iyunun 18-də səsvermədən əvvəl çıxış edərək deputatları ölkənin sosialist keçmişinə sadiq qalmağa çağırıb.

"Burada müzakirə olunan məsələ dünyanın ən güclü dövləti tərəfindən tarixdə ən uzunmüddətli blokadaya məruz qalmış sosialist quruculuğu prosesini necə davam etdirmək dilemmasıdır”, deyə o bildirib.

Prezident əlavə edib ki, Kuba sosializmdən imtina etmir.

Baş nazir Manuel Marrero isə bildirib ki, yeni tədbirlər bazarı "resursların səmərəli bölüşdürülməsi aləti” kimi tanıyır. O, dəyişikliklərin Kubanın sosialist köklərinə uyğun olduğunu vurğulayıb.

"İqtisadi və sosial modelin yenilənməsinin əsas məqsədi vətəndaşlarımızın həyat keyfiyyətini yaxşılaşdırmaqdır”, deyə Marrero qeyd edib.

Qərb ekspertləri isə fərqli mövqedən çıxış edirlər. Onların fikrincə, islahatlar tam şəkildə həyata keçirilərsə, 1959-cu il inqilabından sonra tətbiq edilən sosialist dəyişikliklərinin əhəmiyyətli hissəsi faktiki olaraq geri çevriləcək.

Təklif olunan tədbirlər dövlət sektorunun rolunu azaltmaqla uzun illər bürokratik məhdudiyyətlərlə üzləşən özəl sahibkarlığın inkişafına şərait yaradacaq. İlk dəfə olaraq Kubada şirkətlərə 100 nəfərdən çox işçi çalışdırmağa icazə veriləcək. Sahibkarlar eyni zamanda bir neçə özəl şirkətə sahib ola biləcəklər.

Özəl kapitalın hərəkəti dövlət nəzarəti altında fəaliyyət göstərəcək daha çevik özəl bank sistemi və real vaxt rejimində işləyən rəqəmsal valyuta bazarı vasitəsilə asanlaşdırılacaq. Yeni tədbirlər həmçinin yeni vergi sisteminin tətbiqini və dövlət xidmətlərinin maliyyələşdirilməsində həm dövlət, həm də özəl müəssisələrin qismən iştirakını nəzərdə tutur.

Bununla belə, islahatların hansı müddətdə və hansı mexanizmlərlə həyata keçiriləcəyi hələ dəqiq məlum deyil. Ekspertlərin fikrincə, bu məsələ ətrafında çoxsaylı açıq suallar qalır.

Kubadakı vəziyyət

SSRİ-nin dağılmasından sonra uzun müddət sovet dəstəyi ilə fəaliyyət göstərən Kuba iqtisadiyyatı əhalinin tələbatını ödəməkdə çətinliklərlə üzləşib. Ölkə uzun illər ərzində vətəndaşlarına subsidiyalaşdırılmış dövlət xidmətləri, o cümlədən pulsuz və ya ucuz təhsil, səhiyyə və nəqliyyat təqdim edib. Son illərdə isə iqtisadi zəifləmə və idarəetmədəki problemlər səbəbindən bu xidmətlərin bir çoxu ciddi geriləmə ilə üzləşib.

ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi sərt sanksiyalar, o cümlədən uzunmüddətli neft blokadası Kubanın manevr imkanlarını xeyli məhdudlaşdırıb. Bu tədbirlər onsuz da zəifləmiş iqtisadiyyata ciddi zərbə vurub, xarici biznesin ölkədən çıxmasına və mühüm turizm sektorunun zəifləməsinə səbəb olub.

Kuba və ABŞ: Son hadisələr

ABŞ prezidenti Donald Trampın administrasiyası bu yay Kubada rejimin mümkün çökməsinə hazırlaşır və adada xaos yaranacağı halda hərbi reaksiyanın müxtəlif ssenarilərini nəzərdən keçirib. Bu barədə "Axios” nəşri məlumat yayıb.

Məlumata görə, Tramp hərbi müdaxiləyə icazə verməyib və Kubanın demokratik sistemə sülh yolu ilə keçidinə üstünlük verir.

Ekspertlər hesab edirlər ki, Vaşinqton Havana üzərində iqtisadi təzyiq siyasətini, xüsusilə də sanksiyalar vasitəsilə davam etdirməyi planlaşdırır.

Bundan başqa, sorğular göstərir ki, amerikalıların yarıdan çoxu Kubada rejim dəyişikliyi məqsədilə ABŞ hərbi gücündən istifadə edilməsinin əleyhinədir.

Aydın
--> -->