Sumqayıtda fəaliyyət göstərən müəssisənin ərazisindən 3 min manat dəyərində mis elektrik kabellərini oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ildə səhər saatlarında Sumqayıt şəhərinin 76-cı məhəlləsində yerləşən "Xovlu İplik” fabrikinin cənub-qərb hissəsində fəaliyyət göstərən müəssisənin ərazisinə hasarı aşaraq qanunsuz daxil olub. Daha sonra istehsalat binasının pəncərəsindən içəri girərək müəssisəyə məxsus 40 metr uzunluğunda 35 mm² və 60 metr uzunluğunda 16 mm² kəsiyə malik mis elektrik kabellərini oğurlayıb.
Oğurlanan mis kabellərin ümumi dəyəri 3 min manat olub. Hadisə nəticəsində zərərçəkmiş hüquqi şəxsə maddi ziyan dəyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib. O bildirib ki, hadisə günü tanışı onu avtomobillə zavodun yaxınlığına gətirib, lakin oğurluq niyyətindən xəbərsiz olub. Onun sözlərinə görə, oğurluqdan sonra yenidən həmin tanışını çağıraraq kabelləri avtomobilə yükləyib və onları satmasını xahiş edib. Satışdan əldə edilən pulun bir hissəsini aldığını, qalan məbləğin isə əvvəlki borcuna hesablandığını deyib.
Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, dəymiş ziyanın tam ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (qanunsuz olaraq binaya, anbara və ya digər saxlanc yerinə daxil olmaqla oğurluq) ilə təqsirli bilib.
Hökmə əsasən, əvvəlki cəza ilə qismən toplama yolu ilə ona 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid
Şərhlər