Siyasət 16:42 28.07.2022

“Təbrizin sehirli nağlları” savaşa səbəb olacaqmı? - Zərdüşt Əlizadənin şərhi

İsrail və İranın Azərbaycandakı səfirlərinin bir-birini söz atəşinə tutması yeni mərhələyə qədəm qoyur. Belə ki, Təl-Əvivin Bakıdakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları” kitabı ilə yenidən gündəmə gəlib.
 
Səfir "Twitter" hesabında sözügedən kitabı əldə edə bilməyənlər üçün hədiyyə kampaniyasına start verib. Kampaniya çərçivəsində 20 kitabın istifadəçilərə verilməsi planlaşdırılır. "Bunun üçün sadəcə kağız üzərində "I Love The Mysterious Tales of Tabriz” yazmaq, onu sosial media səhifələrində paylaşmaq, #mysterioustalesoftabriz həştəqini əlavə etmək və diplomatın səhifəsini işarələmək lazımdır. Bunu edən ilk 20 nəfər kampaniyanın qalibi hesab olunacaq və səfirlikdən kitab hədiyyəsi qazanacaq", deyə səfir bildirib. 


Qeyd eddək ki, Corc Dik ilk dəfə iyulun 20-də ona hədiyyə edilən, Azərbaycan tarixi və Təbriz şəhərinin mədəniyyətindən bəhs edilən "Təbrizin sehirli nağılları” kitabı barədə "Twitter" səhifəsində foto yayması İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvinin ciddi reaksiyasına səbəb olub və o, İsrail səfirinin ünvanına hədələr səsləndirib. "Bu macəraçı oğlanın məlumatı üçün: bizim sevimli İran şəhərimiz Təbriz İranın qürurlu tarixində birincilərin torpağı kimi tanınır. Görünür, bu ilk şər sionisti qeyrətli Təbriz camaatı tərəfindən dəfn ediləcək. Heç vaxt bizim qırmızı xəttimizi keçməyin!”, deyə o qeyd edib.
 


İndi isə sözügedən məsələ İsrail səfiri tərəfindən yenidən gündəmə gətirilir. Corc Dik yenidən anoloji mövzuda gündəmə gəlməklə hansı mesajı verir? 

Bununla bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, Corc Dikin növbəti dəfə həmin mövzuya qayıtmaqla qarşı tərəfi qıcıqlandırmaq məqsədi güdüb:



"Təbrizin sehirli nağılları"nı gündəmə gətirən adam fit çalır. İran səfirinin ağlı olsa bunlara fikir verməz. Bir kitabdır, folklor, xalq ədəbiyyatıdır. Burada böyük bir qəbahət yoxdur ki. Odur ki, belə məsələlərə fikir vermək lazım deyil. İranla İsrail düşmən ölkələrdir. Ona görə də bütün imkanlarda istifadə edərək bir-birini qəzəbləndirirlər. İsrail İran ərazisində bu ölkənin alimlərini, yüksək vəzifəli hərbçiləri qətlə yetirir. İran da "Hizbullah”a, "Həmas”a kömək edir. Bu isə "Təbrizin sehirli nağlları” kitabından daha təsirlidir. İran səfiri ağıllı mövqedə dayanarsa, bu dəfə İsrail səfirinə fikir verməz".

Rüfət Sultan