Sənaye rəqabətinin və uğurun idealizə edildiyi müasir dövrdə insanların üzərinə düşən yük artıq bioloji sərhədləri aşmağa başlayıb. Yaponiyanın müharibədən sonrakı inkişafının qaranlıq mirası olan karoşi, yəni həddindən artıq işləməyə bağlı ölüm, bu gün sadəcə bir termin deyil, qlobal böhranın adıdır.
Qaynarinfo xəbər verir ki, bir zamanlar Yaponiyanın nizam-intizamlı iş mədəniyyətinə aid yerli problem kimi qəbul edilən bu vəziyyət rəqəmsallaşan dünya ilə birlikdə sərhədləri aşaraq bütün ofis mühitlərinə yayılıb. İş masasında həyatını itirənlərdən tutmuş tükənmişlik səbəbilə həyatına son verənlərə qədər hər bir hekayə məhsuldarlıq naminə nələrin qurban verildiyini göstərir.
Yaponiyanın iqtisadi yüksəlişinin əsasını 1950-ci illərdə işçi və işəgötürən arasında formalaşan səssiz razılaşma təşkil edirdi. Ömürlük iş təminatı qarşılığında sonsuz bağlılıq vəd edən ağ yaxalılar bu modeli həyat tərzinə çevirmişdi. Lakin hər səhər ilk qatarla işə gedən, yüksəliş təzyiqi ilə gecəyarısına qədər işləyən və yuxunu zəiflik kimi görən bu işçi qrupu zamanla sistemin ağırlığı altında əzilib. İşdən çıxmağın ayıb sayıldığı bu sərt strukturda stres və yorğunluq ölümcül nəticələr doğurub.
1980-ci illərdən etibarən infarkt və insult hallarının ofislərdə artması ilə dövlət bu ölümləri karoşi kimi rəsmən tanınıb. Təkcə fiziki xəstəliklər deyil, iş yükü ilə bağlı intiharlar (karojisatsu) da bu mənzərəni daha da ağırlaşdırıb. Yaponiya Səhiyyə Nazirliyinin 2024-cü il məlumatlarına görə, hər il minlərlə insan bu səbəbdən həyatını itirir.
2015-ci ildə gənc işçi Matsuri Takahaşinin ayda 100 saatdan çox iş yükündən sonra intihar etməsi geniş ictimai rezonans doğurdu və hökuməti islahatlara məcbur edib. Buna baxmayaraq, yuxusuzluğun hələ də uğur göstəricisi kimi qəbul edildiyi iş mədəniyyətində dəyişikliklər yavaş gedir.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatları bu təhlükənin artıq yalnız Asiya ilə məhdudlaşmadığını göstərir. Həftədə 55 saat və daha çox işləməyin insult riskini 35 faiz artırdığı bildirilir, 2016-cı ildə isə dünyada yüz minlərlə ölümün uzun iş saatları ilə əlaqəli olduğu təxmin edilir.
Bu gün isə e-poçtlar və mesajlaşma vasitələri ilə ofis anlayışı fiziki məkanlardan çıxaraq evlərə qədər yayılıb. Nəticədə iş və şəxsi həyat arasındakı sərhəd daha da bulanıqlaşıb. Bir vaxtlar yalnız Tokionun metro vaqonlarında yorğun halda yuxuya gedən işçilərlə simvolizə olunan bu vəziyyət indi gecə yarısı ekran işığında çalışan hər kəsin reallığına çevrilib. Karōşi artıq sərhəd tanımayan qlobal bir risk kimi yayılmağa davam edir.
Aydın
Şərhlər