
"Düşünürəm ki, vahid məktəbli geyiminin olması səliqə-sahmanın və məktəb mühitinin formalaşmasına kömək edir".
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova deyib.
O, Azərbaycanın dünyəvi dövlət olduğunu xatırladıb:
"Bu, Konstitusiyamızda da öz əksini tapıb. Biz müxtəlif dinlərə və inanclara hörmətlə yanaşan tolerant bir ölkədə yaşayırıq. Hesab edirəm ki, bu, cəmiyyətimizin gözəl xüsusiyyətlərindən biridir. Hər kəsin öz düşüncəsi, öz seçimi var və bir-birimizə hörmətlə yanaşmalıyıq. Mənim üçün ən vacib məsələ uşaqlarımızın gələcəyidir. Məktəb isə ilk növbədə elm və bilik məkanıdır. Uşaqlarımız burada savad almalı, dünyagörüşlərini genişləndirməli, gələcəkdə öz yollarını seçə biləcək səviyyədə yetişməlidirlər. Vahid məktəbli geyiminə gəlincə, düşünürəm ki, hər məktəbin öz geyim qaydasının olması səliqə-sahmanın və məktəb mühitinin formalaşmasına kömək edir. Uşaq məktəbə gedərkən onun əsas məqsədinin oxumaq, öyrənmək və öz üzərində işləmək olduğunu dərk etməlidir".
Təranə Muradova bu məsələnin insanlar arasında dini mübahisəyə çevrilməsini istəmədiyini bildirib:
"Bizim üçün əsas olan kiminsə necə geyinməsi üzərindən mübahisə etmək deyil, uşaqlarımızın təhsil və tərbiyəsinə diqqət yetirməkdir. Xüsusilə qızlarımızın təhsil alması, savadlı olması, gələcəkdə öz peşəsini seçməsi və həyatda öz yerini tapması çox vacibdir".
Xalq artisti əlavə edib ki, bunun üçün böyüklərin üzərinə öhdəlik düşür:
"Biz böyüklər çalışmalıyıq ki, uşaqlarımıza həm milli dəyərlərimizi aşılayaq, həm də müasir biliklər qazanmalarına şərait yaradaq. Məncə, ən böyük məsuliyyətimiz budur: uşaqlarımızı bir-birinə hörmət edən, savadlı, tərbiyəli və gələcəyə inamla baxan insanlar kimi yetişdirmək".
Bahar Rüstəmli



