Xəbər lenti

Yeni nəsil günəş panelləri sənayedə inqilab vəd edir
Texnologiya10:15 13.10.2026

Yeni nəsil günəş panelləri sənayedə inqilab vəd edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Perovskit və silisium əsasında hazırlanan yeni nəsil günəş panelləri əvvəlki nəsil modullarla müqayisədə təxminən 25% daha çox elektrik enerjisi istehsal edə bilər.

Qaynarinfo xəbər verir ki, “ZME Science” nəşrinin yazdığına görə, tandem günəş elementləri texnologiyası kommersiya miqyasında istehsala keçməyə yaxınlaşır. Lakin onun daha geniş yayılması istehsal xərclərindən və panellərin istismar müddətindən asılı olacaq.

Adi silisium panelləri artıq nəzəri səmərəlilik həddinə yaxınlaşıb. Məhsuldarlığı artırmaq üçün istehsalçılar işığı udan iki təbəqəni birləşdirməyə başlayıblar. Perovskitdən hazırlanan üst təbəqə günəş spektrinin silisiumun daha az səmərəli istifadə etdiyi hissəsini tutur. Aşağı təbəqə isə birinci təbəqədən keçən işığı elektrik enerjisinə çevirir.

“Bu, növbəti inkişaf mərhələsidir”, deyə “Solar Energy Manufacturers for America” koalisiyasının icraçı direktoru Mayk Karr bildirib.

Texnologiyanın potensialı sınaqların nəticələri ilə də təsdiqlənir. Bu ilin iyulunda Çinin “LONGi” şirkəti perovskit və silisium əsasında hazırladığı tandem elementin sertifikatlaşdırılmış səmərəliliyinin 35,5%-ə çatdığını açıqlayıb. Müqayisə üçün qeyd edək ki, ən yaxşı ənənəvi silisium elementləri günəş şüalanmasının təxminən 27%-ni elektrik enerjisinə çevirir.

Belə panellərin ilk kommersiya tədarükləri hələ 2024-cü ildə başlayıb. Həmin vaxt Britaniya-Almaniya şirkəti “Oxford PV” məhsullarını ABŞ-dakı müştərisinə göndərib. 2026-cı ildə isə ABŞ istehsalçısı “Qcells” öz tandem texnologiyasının sertifikatlaşdırıldığını elan edib.

Bununla belə, əsas maneə panellərin uzunömürlülüyüdür. Perovskit materialları onilliklər ərzində sabit işləmə qabiliyyətinin təsdiqlənməsi baxımından hələ də silisiumdan geri qalır. Tədqiqatçılar bu sahədə irəliləyiş əldə etsələr də, laboratoriya sınaqlarının müddəti panellərin 25–30 il ərzində etibarlı işləyəcəyinə zəmanət vermək üçün hələ kifayət etmir.

“Onların əslində nə qədər müddət xidmət edəcəyi ilə bağlı çoxlu suallar var”, deyə RMI tədqiqat təşkilatının nümayəndəsi Çetan Krişna bildirib.

Digər çətinlik isə dünya üzrə istehsal güclərinin artıqlığı və Çinin bazarda üstün mövqeyi fonunda istehsal xərclərinin yüksək olmasıdır. Qlobal günəş enerjisi təchizat zəncirinin istehsal güclərinin təxminən 85%-i Çinin payına düşür.

Buna baxmayaraq, tandem panellər eyni sahədən daha çox elektrik enerjisi istehsal etməklə torpaq sahələrinə, montaj konstruksiyalarına və kabellərə olan tələbatı azalda bilər. Kaliforniyada yerləşən “Tandem PV” şirkətinin baş direktoru Skott Vorton bu texnologiyaya keçidin qaçılmaz olduğunu düşünür.

Aydın