Xəbər lenti

Tibbdə yeni reallıq: Süni intellektsiz həkimlər işsiz qalacaq
Sağlamlıq 15:22 14.04.2026

Tibbdə yeni reallıq: Süni intellektsiz həkimlər işsiz qalacaq

Berlində keçirilən konfransda süni intellektin tibbdə rolu əsas müzakirə mövzusu olub. 

Qaynarinfo-nun məlumatına görə, mütəxəssislər bildiriblər ki, bu yeni texnologiya diaqnostika və müalicə sahəsində həkimlərin əsas köməkçisinə çevrilir. Onların sözlərinə görə, yaxın illərdə süni intellektdən istifadə etməyən həkimlər peşədə qalmaqda çətinlik çəkəcək.

Süni intellektin ən mühüm tətbiq sahələrindən biri səhiyyə sektorudur. Radioloqlar üçün əlavə "göz” rolunu oynayan bu texnologiya oxşar simptomlar göstərən xəstəliklərdə gözdən qaça bilən ehtimalları müəyyən edir, xəstəyə daha kompleks yanaşma təqdim edir və hətta yeni dərmanların hazırlanmasında iştirak edərək prosesi sürətləndirir. Berlində "Bayer” Media Günləri çərçivəsində danışan mütəxəssislər süni intellektin təsir etdiyi sahələr barədə məlumat veriblər.

Almaniyada hər il 40 mindən çox insanın ağciyər xərçəngi səbəbilə həyatını itirdiyini bildirən Karite Universitet Xəstəxanasının Radiologiya şöbəsinin rəhbəri professor Jens Voqel Klaussen deyib ki, süni intellekt səhv ehtimalını azaldır:

"Biz ağciyər xərçəngi üçün də, süd vəzi xərçəngində olduğu kimi, skrininq proqramına başlayırıq və bununla ölümləri 20 faiz azaltmağı hədəfləyirik. Görüntüləmə bu xəstəlikdə əsas diaqnostika vasitəsidir. Radioloqlar analiz zamanı 10-15 faiz səhv payına malikdir. Buna görə ikinci baxışa ehtiyac yaranır, lakin bu, vaxt itkisinə səbəb olur. Süni intellekt vasitəsilə ikinci oxunuş etdikdə vaxtdan 90 faiz qənaət edirik. Növbəti 5 ildə bu texnologiya daha da inkişaf edəcək və onu istifadə etməyən həkimlər peşədə davam gətirə bilməyəcək".

Tibb sahəsində ən çətin proseslərdən biri yeni dərman üçün molekul tapmaqdır. Süni intellekt bu sahədə də mühüm rol oynayır. "Bayer” şirkətinin dərman araşdırmaları bölməsinin məlumat elmi və süni intellekt rəhbəri Sai Jasti bildirib:

"Yeni molekul tapmaq artıq həm daha asan, həm də daha sürətlidir. Əvvəllər 3-4 ilə çatdığımız nəticəyə indi aylar ərzində nail oluruq. Lakin dərmanların hazırlanması mərhələləri və hüquqi prosedurlar mövcuddur və onların hamısını sürətləndirmək mümkün deyil".

"Bayer”in məlumat elmi bölməsindən doktor Mahmud İbrahim isə fərdiləşdirilmiş tibbin süni intellektlə necə sürətləndiyini izah edib:

"Həkimlər artıq doğru xəstəyə uyğun, fərdi müalicəni süni intellekt vasitəsilə müəyyən edə biləcəklər. Hər bir xəstənin tibbi tarixi və genetik xüsusiyyətləri nəzərə alınaraq ən uyğun müalicə seçiləcək. Süni intellekt həkimləri işsiz qoymayacaq, əksinə onların imkanlarını genişləndirəcək. Çünki onların ixtiyarında daha çox alət və seçim olacaq".

Aydın
--> -->