2026-cı ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5250 nikaha daxilolma və 3376 boşanma halları qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşüb.
Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəmdir.
Bu ilin ilk iki ayı ərzində ölkədə 10878 ölüm halı qeydə alınıb. Nazirlikdən bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,3-dən 6,6-ya qədər artıb.
İlin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb. Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
2026-cı il aprel ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 246,9 min nəfər olub.
Qeyd edilib ki, onların 51,7% qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475 manat olub.
Şərhlər