"Dövlətlərarası münasibətlərdə müəyyən siyasi gediş və məqsədlər var. Ona çatmaq üçün də dövlət rəhbərləri cürbəcür yollara əl atır. Nikol Paşinyanın Qazaxıstanın ali dövlət mükafatı olan "Altın Kıran" ordeni ilə təltif olunmasını alqışlamıram, ancaq bununla yanaşı, Qazaxıstanın daxili işlərinə də qarışmırıq".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Ermənistan baş naziri Nikol Paşinyanın Qazaxıstanın ali dövlət mükafatı - "Altın Kıran" ordenilə təltif edilməsini şərh edərkən deyib.
"Ola bilər Tokayev bu mükafatı verməklə Paşinyanın son dövrlər Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində gördüyü işlər, ölkə daxilində revanşizm və separatizmə qarşı mübarizəsi, sülhün əldə edilməsi istiqamətində hərəkətlərini nəzərə alıb və gələcəkdə bu addımların daha da inkişaf etdirilməsi üçün onu həvəsləndirmək istəyib. Yəni Tokayev bu təltiflə bir növ düz yolda olduğuna onu həvəsləndirib, stimul verib", deyə deputat qeyd edib.
Millət vəkili Paşinyanın əvvəlki dövlərdə sərgilədiyi mövqeyini unutmamağı da tövsiyə edib:
"Bu zaman biz dünənki Paşinyanı da unutmamalıyıq. Onun müvəqqəti mövqe dəyişməsinə etibar etməməli, ehtiyatlı davranmalıyıq".
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı Qazaxıstanın ali dövlət mükafatı - "Altın Kıran" ordeni ilə təltif edib. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat verib.
Mükafatlandırma mərasimində Tokayev Paşinyanın lider kimi xidmətlərini, onun Ermənistanın modernləşdirilməsindəki və dövlət idarəçiliyinin bütün sahələrində yenidənqurmanın stimullaşdırılmasındakı rolunu qeyd edib.
Rüfət Sultan
Şərhlər