Cəlil Cavanşir
Sənət 20:14 27.08.2020

Toydan sonra coşan emosiyalar...

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin karantin müddətində toy etməsindən sonra cəmiyyətdə sanki "canlanma” yarandı. Həyatında bircə dəfə də olsun, siyasi-ictimai proseslərə qoşulmayan, ölkədə baş verən qanun pozuntularına israrla susan insanlar xorla Ramiz Mehdiyevi, toyda iştirak edən qonaqları tənqid etməyə, onların cəzalandırılmasını tələb etməyə başladı. Dövlət də baş verənlərin ciddiyyətini nəzərə alaraq hərəkətə keçdi, toyu təşkil edənləri də, həmin toyda iştirak edənləri də qanunauyğun şəkildə cəzalandırdı. Qanun qarşısında hər kəsin bərabərliyi qismən təmin olundu. 

Əslində belə bir hadisə baş verməsəydi, gözəl olmazdımı? Məncə çox gözəl olardı.

Proses çox qəribə və maraqlı şəkildə cərəyan etsə də, günahkarların cəzalandırılması, cəmiyyətdə xeyli rahatlıq yaratdı. İnsanlar toy sahibi və qanunu pozub toya gələnləri tənqid etməklə qalmadılar, heç bir etik çərçivə nəzərə alınmadan hamını söyüb-yamanlamağa başladılar.
Toyda iştirak edənləri qadın, kişi, vəzifə sahibi, deputat demədən söymə start verdik və bu prosesin də şitini çıxardıq. 
İnsanlar sanki aylarla pandemiya ucbatından karantində qalmağının, toylardan məhrum olmağının qisasını bu insanlardan çıxmağa çalışdı. 
Səbinə Əliyevanın toyda çəkilən videosu  yenidən nə üçün və hansı məqsədlə yayılıb?

Səbinə Əliyeva qısamüddətli fəaliyyəti ərzində mənfi imic yaratmayıb, ciddi qanun pozuntusuna yol verməyib, rüşvət almayıb, hər hansı şəkildə qanunsuzluq etməyib, xaricdə mülkləri, ölkədə restoranları yoxdur, üstəlik həbsdə olan siyasi məhbuslarla bağlı təklif və şikayətlərə diqqətlə yanaşıb, vəzifəsinə uyğun addımlar atmağa davam edəcəyinə inanırıq.

Elə isə Ombdsman Səbinə Əliyeva niyə linç edilir və niyə təhqir edilməlidir?

Azərbaycan qadınını bu şəkildə linç etmək, kimlərinsə maraqları çərçivəsində yayımlanan videonu paylaşıb ölkənin Ombdsmanını təhqir etmək nə qədər etikdir?

Düşünürəm ki, Azərbaycan qadınına qarşı bu cür yanaşma ədalətsizlikdir.

Arzu edək ki, tezliklə cəmiyyətimizdə barış, dostluq, sevgi abu-havası yaranacaq.