"İŞİD-in yenidən gündəmə gətirilməsi fonunda SDG-nin silahı yerə qoyacağı inandırıcı deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Ankarada ABŞ-ın vasitəçiliyilə Türkiyə və PKK-nın Suriya qolu SDG arasında aparılan danışıqları şərh edərkən deyib.
Ekspert qeyd edir ki, hazırda məhz bu məsələnin həlli Ankara üçün əsas prioritetdir:
"İkinci kürd açılımı məsələsilə bağlı olaraq PKK-nın silahları yerə qoyması, özünü tərksilah etməsindən sonra Ankara qarşısında həll olunması vacib bir neçə prioritet var. Onlardan biri də PKK terror təşkilatının Suriya qolu olan "Suriya Demokratik Gücləri"nin (SDG) özünü tərksilah etməsi və ya Suriya ordusuna inteqrasiya etməsi məsələsidir. Bu məsələnin həlli hazırda Ankara üçün ən əsas prioritet məsələdir".
Rufiz Hafizoğlu bildirir ki, Türkiyə ilə PKK arasında müəyyən ciddi addımlar atılsa da, türk ordusunun hələ də Suriya ərazisində qalması bu məsələnin köklü olaraq həll olunmadığnı göstərir:
"Dolayısı ilə "Suriya Demokratik Gücləri" doğrudan da bölgədə stabilliyin olmasını istəyirsə, silahları təhvil verərək, Suriya milli ordusuna inteqrasiya etməlidirlər. Amma görünən odur ki, SDG bunu etmək istəyində deyil. Çünki SDG heç bir halda kürd xalqının marağına xidmət etmir. Burada başqa dövlətlərin maraqları var".
Baş verənlər fonunda Suriyada İŞİD terror təşkilatının yenidən gündəmə gətirilməsini görürük ki, bu da həmsöhbətimizin fikrincə, SDG-nin mövqeyini daha da gücləndirməyə xidmət edir:
"Qərb hesab edir ki, SDG İŞİD terror təşkilatına qarşı mübarizə aparan yeganə qüvvədir. Ona görə də İŞİD-in yenidən dirçəldilməsi əslində PKK-nın Suriya qolu SDG-nin mövqeyini gücləndirmək üçün atılan addımdır. Bu baxımdan yaxın zamanlarda SDG-nin silahı yerə qoyacağı inandırıcı deyil".
Aparılan danışıqlara SDG-nin aparıcı liderlərindən biri olan Saleh Müslimin qatılmasına gəldikdə, ekspert qeyd edir ki, Türkiyə güclü siyasət nümayiş etdirə bilsə, PKK-nı parçaladığı kimi, zamanında SDG-ni də parçalaya bilər.
Qeyd edək ki, "Suriye Haberleri” adlı sosial media platformasında yayılan məlumata əsasən, Ankara şəhərində ABŞ-ın vasitəçiliyi ilə Türkiyə hökuməti ilə SDG arasında danışıqlar olub. Məlumata görə, bu məxfi müzakirələrdə PYD-nin siyasi qanadının tanınmış simalarından biri, Suriya kürdlərinin fəal lideri Salih Müslim də iştirak edib. Danışıqların məzmunu barədə ictimaiyyətə rəsmi açıqlama verilməyib. Lakin ekspertlər bildirir ki, bu cür təmaslar ABŞ-ın bölgədəki strateji maraqlarına uyğun olaraq Türkiyə ilə SDG arasında müəyyən razılaşmalar əldə olunması məqsədini daşıyır. Xüsusilə Suriyanın şimalında vəziyyətin stabilləşdirilməsi, sərhəd təhlükəsizliyi və PKK bağlantılı qüvvələrin gələcək statusu kimi məsələlərin danışıqların gündəmində olduğu ehtimal edilir.
Xatırladaq ki, Türkiyə SDG-ni PKK-nın qolu olaraq tanıyır və bu təşkilatı terrorçu elan edib. Buna baxmayaraq, ABŞ uzun illərdir SDG-ni İŞİD-lə mübarizədə əsas müttəfiqlərindən biri kimi dəstəkləyir.
Rüfət Sultan
Şərhlər