Dünya 14:58 21.04.2023

Ukrayna kəşfiyyatı Suriyadakı Rusiya qüvvələrinə zərbələr hazırlayıb - WP

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Suriyada Rusiya qüvvələrinə zərbələr endirmək üçün planlar hazırlayıb. Lakin dekabrın sonunda Ukrayna prezidenti Vladimir Zelenski planlaşdırmanın dayandırılması barədə göstəriş verib.

Qaynarinfo xəvər verir ki, bu barədə "The Washington Post” qəzeti Pentaqonun sızdırılmış sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, zərbələr pilotsuz təyyarələrdən istifadə etməklə planlaşdırılıb. Ehtimal olunur ki, bu cür əməliyyatlarla Ukrayna hərbçiləri Rusiyanı öz qüvvələrinin bir hissəsini Ukraynadan Suriyaya köçürməyə məcbur etmək istəyiblər.

Bundan əlavə, kəşfiyyatın Suriya Demokratik Qüvvələrinin üzvlərinə Rusiya hərbi obyektlərinə zərbələr endirmək üçün təlim keçmək imkanlarını nəzərdən keçirdiyi bildirilir. İddialara görə, alyans bu planla razılaşıb, lakin qırıcıların hazırlanmasını və hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasını, həmçinin onların iştirakının açıqlanmayacağına zəmanət verilməsini tələb edib.

Bildirilir ki, guya Türkiyə bütün bu müzakirələrdən xəbərdar olub və Ukraynadan kürd dəstələrinin nəzarətində olan ərazilərdən zərbə endirməsini istəyib.

Qeyd edək ki, aprelin əvvəlində Ukraynadakı müharibə və Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hazırlaması ilə bağlı Pentaqonun və ABŞ kəşfiyyatının məxfi məlumatlarının olduğu iddia edilən sənədlər internetə sızıb. Daha sonra FTB sızmada şübhəli bilinən şəxsi - Massaçusets Hava Milli Qvardiyasının hərbi kəşfiyyatı Cek Teyşeyranı saxlayıb. Onu 15 ilə qədər həbs cəzası gözlədiyi məlum olub. Ağ Ev bildirib ki, şəbəkəyə daxil olan Pentaqonun sənədləri saxta ola bilər.

Aydın