Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? (VİDEO)
Vergi ödəyicilərinin vergi orqanlarının qərarlarından inzibati qaydada şikayət verməsi halları davam edir. Son illər bu sahədə prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılsa da, bəzi ödəyicilər hələ də proses zamanı müəyyən səhvlərə yol verirlər.
Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.
Mütəxəssislərin sözlərinə görə, ən çox rast gəlinən problemlərdən biri bəyannamələrin düzgün təqdim edilməməsidir. Bəzi hallarda vergi ödəyiciləri bəyannamələri ya boş göndərir, ya da ümumiyyətlə təqdim etmirlər. Nəticədə vergi orqanı tərəfindən kameral qaydada hesablama aparılır və əlavə vergi öhdəlikləri yaranır.
Bundan başqa, vergi orqanları tərəfindən göndərilən uyğunsuzluq məktublarına vaxtında və ətraflı cavab verilməməsi də problemlərin dərinləşməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, ödəyicilər uyğunsuzluq məktubu aldıqdan sonra dəqiqləşdirilmiş bəyannamə təqdim etməli və izahatlarını dolğun şəkildə əsaslandırmalıdırlar.
Dövlət Vergi Xidmətindən bildirilib ki, bəzi vergi ödəyiciləri dəqiqləşdirilmiş bəyannamə təqdim etdikdən sonra araşdırmanın yekununu gözləmədən İnzibati Şikayətlərə Baxılması Baş İdarəsinə müraciət edirlər. Bu isə praktiki baxımdan müəyyən anlaşılmazlıqlar yarada bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər