Xəbər lenti

Dünya 18:20 13.07.2026

"Yeni səviyyəli fırıldaqçı": İlon Mask və Sem Altman yenidən mübahisə etdi

Keçmiş dostlar və biznes tərəfdaşları Sem Altman və İlon Mask yenidən ictimai mübahisəyə giriblər. 

Qaynarinfo xəbər verir ki, hadisə "Apple" şirkətinin "OpenAI"a qarşı məhkəmə iddiası qaldıraraq ChatGPT-nin yaradıcısını kommersiya sirrini oğurlamaqda ittiham etməsindən bir neçə gün sonra baş verib.

"Apple"ın iddiasına görə, "OpenAI" rəhbərliyi şirkətin 400 keçmiş əməkdaşını öz tərəfinə çəkib, həmçinin onların məxfi məlumatları özləri ilə aparmasına kömək edib. İddialara əsasən, söhbət yalnız texnologiyalardan deyil, həm də "Apple"ın gələcək məhsulları və hətta iş prosesləri ilə bağlı məlumatlardan gedir.

İlon Mask bu xəbərə sərt reaksiya verərək yazıb: "Fırıldaqçı Altman yenidən iş başındadır...”. 

"The Independent" nəşrinin yazdığına görə, "Tesla" və "SpaceX" rəhbəri son bir il ərzində "OpenAI" rəhbəri Altmanı dəfələrlə "Scam Altman" ("Fırıldaqçı Altman”) adlandırıb. Mask ilk paylaşımından bir neçə dəqiqə sonra əlavə edib: "O, fırıldağı tamamilə yeni səviyyəyə çıxarıb”.

Altman da cavab verərək "SpaceX"in orbitdə məlumat mərkəzləri yaratmaqla bağlı son layihəsini ələ salıb. O bildirib ki, Mask ictimai investorlara qısamüddətli kosmik məlumat mərkəzləri ideyasını satır. Bu paylaşım təxminən 15 milyon baxış və 60 min bəyənmə toplayıb.

Bundan sonra Mask yeni cavab paylaşımı edib: "Biz onların buraxılışına gələn il başlayacağıq. Ola bilsin, hətta gəlib baxa biləsən — əlbəttə, əgər şərti azadlıq üzrə nəzarətçin icazə versə. Əvvəlcə açıq mənbəli süni intellekt üçün xeyriyyə layihəsini oğurladın, indi isə "Apple"ın texnologiyalarını da. Bu, həqiqətən böyük miqyasdır”.



İki sahibkar arasındakı münaqişə artıq bir neçə ildir davam edir. Mask "OpenAI"ın qurucularından biri olub, lakin maraqlar toqquşması səbəbindən 2018-ci ildə şirkətin direktorlar şurasını tərk edib. Daha sonra o, dəfələrlə "OpenAI" rəhbərliyini qeyri-kommersiya missiyasından uzaqlaşmaqda ittiham edib və Altmanın istefasını tələb edib.

"Bloomberg"in məlumatına görə, "OpenAI" məhkəməni uduzarsa, şirkət keçmiş "Apple" dizayneri Coni Ayv ilə birlikdə hazırladığı ilk süni intellekt əsaslı cihazını yenidən işləməli ola bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->