Xəbər lenti

Dünya 15:40 05.09.2023

"Ukraynadakı korrupsiya silah tədarükünü ləngidir" - Litva prezidenti

Litva prezidenti Gitanas Nauseda bildirib ki, Ukraynadakı korrupsiya Kiyevə silah tədarükü ilə bağlı qərarlar qəbul edərkən Qərb ölkələrinə ciddi təsir göstərir.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, o, bu barədə LRT teleradio şirkətinin efirində deyib.

"Bu, mühüm səbəbdir. Bu, çox mühüm səbəbdir. Ukraynanı dəstəkləyən dövlətlər demokratik dövlətlər olduğundan, deməli, onlar öz cəmiyyətinin əhval-ruhiyyəsini və seçicilərin fikrini nəzərə almalıdırlar", - Nauseda bildirib.

"Təsəvvür edin, bu və ya digər dövlətdə olan seçicilər görürlər ki, yardım göndərilən ölkədə çox gözə çarpan korrupsiya qalmaqalları var. Bu, həmin dövlətin reputasiyasına böyük zərbədir", - o əlavə edib.

Nauseda fikirlərini Ukrayna prezidenti Volodimir Zelenskinin bazar günü müdafiə naziri Aleksey Reznikovun ötən ildən Dövlət Əmlak Fonduna rəhbərlik edən Rüstəm Umerovla əvəzlənməsi barədə qərarından sonra səsləndirib.

Zelenski bəyanatında korrupsiyadan bəhs etməsə də, son vaxtlar Ukrayna Müdafiə Nazirliyində silah alışında sui-istifadə və rüşvətlə bağlı araşdırmalara başlanılıb.
Buna baxmayaraq, Nauseda inanmır ki, ABŞ F-16 qırıcılarının çatdırılmasının gecikməsinə məhz bu fakt səbəb olub.

"Bəzən məsələlər onunla da əlaqələndirilir ki, qərar qəbul etmək bir şeydir, bu qərarı həyata keçirmək başqa şey", - Litva prezidenti bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->