Ukrayna gecə saatlarında Azov dənizində yerləşən strateji əhəmiyyətli limanlara zərbələr endirib. Nəticədə gəmiçilik müvəqqəti dayanıb, dünya birjalarında isə buğda qiymətləri yüksəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları Taqanroq körfəzində yerləşən dörd gəmiyə hücum edib. Qeyd olunur ki, bu ərazi bir gün əvvəl də zərbələrə məruz qalmış və əsas ixrac marşrutlarından birində gəmi hərəkətini pozmuşdu.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, zərbə alan gəmilər arasında metanol daşıyan tanker də olub. Onun sözlərinə görə, metanolun dənizə sızması təhlükəsi yoxdur. Hücum nəticəsində bir dənizçinin həlak olduğu bildirilir. Şənbə günü səhər saatlarında Taqanroq və Azov şəhərlərində baş vermiş yanğınlar tam söndürülüb.
Eyni zamanda, Rusiya Don çayını Azov dənizi ilə birləşdirən Don–Azov kanalında gəmiçiliyi müvəqqəti dayandırıb. Bundan başqa, "Reuters" agentliyinin və taxıl bazarındakı mənbələrin məlumatına görə, cümə axşamından etibarən Azov və Qara dənizləri birləşdirən Kerç boğazı da bağlanıb.
Bu hadisələr fonunda buğda qiymətləri artıb. Treyderlər Ukraynanın hücumlarının tədarük zəncirində mümkün fasilələr yarada biləcəyini qiymətləndirirlər. Belə ki, "Euronext" birjasında buğdanın qiyməti cümə günü 4 faiz artaraq son altı həftənin ən yüksək səviyyəsinə çatıb.
Ukraynanın pilotsuz sistemlər bölməsinin komandiri Robert Brovdinin sözlərinə görə, Ukrayna bir gecə ərzində Azov dənizində Rusiya donanmasına məxsus ümumilikdə 28 gəmini, o cümlədən tanker və yük gəmilərini vurub. O bildirib ki, iyulun 6-dan etibarən zərbə endirilən gəmilərin sayı 76-ya çatıb. Lakin bu məlumatı müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün olmayıb.
Qeyd olunur ki, Azov dənizindəki limanlar adətən Rusiyanın xam neft ixracı üçün istifadə edilmir. Buradakı tankerlər əsasən neft məhsullarını işğal altında olan Krıma və ətraf ərazilərə daşıyır. Bildirilir ki, həmin bölgələrdə bu yay yanacaq qıtlığı xüsusilə kəskin hiss olunur.
Buna cavab olaraq Rusiya ordusu gecə saatlarında Kiyevə hücum edib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hücum nəticəsində 11 nəfər xəsarət alıb. Ölkənin müxtəlif bölgələrinə ümumilikdə 120 pilotsuz uçuş aparatı və 12 raket buraxılıb.
Hədəflər arasında Odessa vilayəti, o cümlədən Odessa və Çornomorsk limanları, həmçinin Dunay çayı üzərində yerləşən İzmail limanı da olub. Rusiya Müdafiə Nazirliyi zərbələrin "müharibə ilə əlaqəli obyektlərə" endirildiyini açıqlayıb.
Odessa və Çornomorsk Ukraynanın taxıl ixracı üçün əsas logistika mərkəzləri hesab olunur. Tammiqyaslı müharibə ənənəvi nəqliyyat marşrutlarını pozduqdan sonra İzmail də mühüm ixrac qovşaqlarından birinə çevrilib.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, cümə günü axşam saatlarında Rusiya ordusu qanadlı raketlərlə vilayətə zərbə endirib və əsas hədəf liman infrastrukturu olub.
Aydın
Şərhlər