Xəbər lenti

Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
Dünya 12:55 11.07.2026

Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?

Almaniya Almaniya Hərbi Dəniz Qüvvələri üçün dörd yeni iri döyüş gəmisi əldə edir. Almaniya Bundestaqının Büdcə Komitəsi "MEKO A-200 DEU" (F128) tipli ilk dörd freqatın alınmasının maliyyələşdirilməsini təsdiqləyib. Bundan əlavə, daha dörd belə gəminin tikintisi üçün əlavə sifariş hüququ (opsion) da nəzərdə tutulur.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Hartpunkt" nəşri məlumat yayıb.

Təsdiqdən sonra tərəflər freqatların tikintisi ilə bağlı "Thyssenkrupp Marine Systems" (TKMS) şirkəti ilə rəsmi müqavilə imzalaya biləcəklər. İlk dörd "MEKO A-200 DEU" freqatının dəyərinin təxminən 6,3 milyard avro olacağı bildirilir. Daha dörd gəminin tikintisini əhatə edən əlavə sifariş hüququnun (opsionun) dəyəri isə 5,3 milyard avro qiymətləndirilir.

"Thyssenkrupp Marine Systems"in baş icraçı direktoru Oliver Burkhard bunu şirkətin tarixində yerüstü döyüş gəmilərinə dair ən böyük sifariş adlandırıb. Onun sözlərinə görə, təhlükəsizlik mühitinin pisləşməsi fonunda freqatların tikintisi mümkün qədər sürətlə həyata keçiriləcək. İlk "MEKO A-200 DEU" freqatının 2029-cu ildə Almaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Gəmilərin alınmasına dair qərar iyunun sonunda "F126" layihəsi üzrə altı freqatın sifarişinin ləğv edilməsindən sonra mümkün olub. Almaniya Müdafiə Nazirliyi proqramın davam etdirilməsindən imtina etməsini gecikmələr, xərclərin artması və baş podratçının dəyişdirilməsi ilə bağlı risklərlə izah edib.

"MEKO 200" sinifli freqatlar haqqında

"MEKO A-200" layihəsinin, o cümlədən onun "MEKO A-200 DEU" modifikasiyasının hazırlayıcısı Almaniyanın gəmiqayırma şirkəti "Thyssenkrupp Marine Systems"dir. Tarixi baxımdan "MEKO" döyüş gəmiləri ailəsi məşhur Alman gəmiqayırma müəssisəsi "Blohm+Voss"un layihələrinə əsaslanır.

"MEKO 200" freqatının əsas texniki göstəriciləri:

* Tam suyerimi – 3 400 ton; (**düzəliş edildi**)
* Uzunluğu – 118 metr;
* Eni – 14,8 metr;
* Maksimal sürəti – 32 düyün (təxminən 59 km/saat);
* Üzmə uzaqlığı – 6 000 dəniz mili (təxminən 12 000 kilometr);
* Ekipajı – 220 nəfər.

"MEKO 200" freqatı 127 millimetrlik universal dəniz artilleriya qurğusu, gəmiəleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və sualtı qayıqlara qarşı silahlar da daxil olmaqla geniş silahlanma kompleksi ilə təchiz olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->