İngiltərədə azalan peyvəndləmə səviyyəsi səbəbindən başda qızılca olmaqla, göyöskürək, uşaq iflici və difteriya kimi uzun müddətdir nəzarət altında saxlanılan yoluxucu xəstəliklərin yenidən yayılma riski artıb.
Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2026-cı ilin yanvar ayında İngiltərənin qızılcanı eliminasiya etmiş ölkə statusunu geri götürüb.
Epidemiya riski niyə artdı?
"The Telegraph” qəzetinin məlumatına görə, 2025-ci ildə İngiltərə və Uelsdə 3 min 268 qızılca hadisəsi və iki ölüm qeydə alınıb. Bu göstərici 2024-cü ildə qeydə alınan 11 min 162 yoluxma artımından sonra açıqlanıb.
Mütəxəssislər bildirirlər ki, qızılcaya qarşı tələb olunan 95 faizlik immunizasiya səviyyəsindən aşağı düşülməsi epidemiya riskini artırır. İngiltərədə beş yaşadək uşaqlar arasında iki doza qızılca, kabakulak və məxmərək (MMR) peyvəndi alanların payı 83,7 faizdə qalıb. Bu, son on ilin ən aşağı göstəricisi kimi qeydə alınıb.
"Gələcəkdə təkrarlanan epidemiya dalğaları görə bilərik"
"Oxford Vaccine Group”un direktoru professor ser Endryu Pollard qızılcanın son dərəcə yoluxucu olduğunu vurğulayaraq deyib: "Peyvəndləmə səviyyəsi azalmağa davam edərsə, gələcəkdə təkrarlanan epidemiya dalğaları görə bilərik".
İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına əsasən, qızılcaya yoluxmuş bir nəfər orta hesabla 15 nəfərə virus ötürə bilir. Halların beşdə biri xəstəxanaya yerləşdirilməni tələb edir, hər 1000–2000 yoluxmadan birində isə beyin iltihabı inkişaf edə bilər.
Göyöskürək və uşaq iflici ilə bağlı xəbərdarlıq
Mütəxəssislər qızılcadakı artımın göyöskürək və uşaq iflici kimi digər peyvəndlə qarşısı alına bilən xəstəliklər üçün də risk yaratdığını bildirirlər.
2025-ci ilin ilk yarısında laborator təsdiqli 502 göyöskürək hadisəsi aşkarlanıb və bir uşaq həyatını itirib. İngiltərədə beş yaşadək göyöskürək peyvəndini tamamlayan uşaqların payı 82,7 faiz təşkil edib. Hamilə qadınlar arasında peyvəndləmə səviyyəsi isə 72,6 faiz olub.
Xəbərə görə, İngiltərədə uşaq iflici sonuncu dəfə 1984-cü ildə qeydə alınıb, Avropada isə 2003-cü ildə sona çatıb. Lakin 2022-ci ildən etibarən İngiltərədə tullantı sularda poliovirus izlərinə rast gəlinir.
Mütəxəssislər aşağı peyvənd göstəricilərinin virusun yenidən yayılma riskini artırdığını vurğulayırlar. Ölkə üzrə uşaq iflicinə qarşı iki doza peyvənd alan uşaqların payı 82,7 faizdir, bəzi bölgələrdə isə bu göstərici 60 faizə qədər enib.
Difteriya hallarında artım
1940-cı illərdə on minlərlə yoluxmaya və minlərlə ölümə səbəb olan difteriya kütləvi peyvəndləmə sayəsində böyük ölçüdə nəzarət altına alınmışdı. Lakin son on ildə illik yoluxma sayının iki ilə 10 arasında dəyişdiyi bildirilir. 2025-ci ildə iki difteriya hadisəsi qeydə alınıb.
"London Hygiene and Tropical Medicine School”dan doktor Ben Kasstan-Dabush peyvənd əleyhinə çağırışların və artan sosial bərabərsizliklərin peyvəndləmə səviyyəsinə mənfi təsir göstərdiyini bildirib. Mütəxəssislər səhiyyə xidmətlərinə çıxışdakı çətinliklərin və pandemiyadan sonra artan tərəddüdlərin də bu prosesə təsir etdiyini qeyd edirlər.
"The Telegraph”ın yazdığına görə, səlahiyyətlilər cəmiyyət üzrə peyvəndləmə səviyyəsinin artırılmasına və yarımçıq qalan peyvəndlərin tamamlanmasına çağıraraq xəbərdarlıq ediblər: "Peyvəndlə qarşısı alına bilən xəstəliklərin geri dönməsini istəmirik”.
Aydın
Şərhlər