Venesuelada zəlzələ qurbanlarının sayı sürətlə artır, afterşoklar isə xilasetmə əməliyyatını çətinləşdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "CNN News" Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqesin bəyanatına istinadən məlumat yayıb.
"Bu həftə Venesuelada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində azı 1 430 nəfər ölüb, daha 3 238 nəfər isə yaralanıb. Xilasedicilər sağ qalanları tapmağa tələsirlər. Ağır texnikanın çatışmazlığı və davamlı afterşoklar işi çətinləşdirir", - o qeyd edib.
Bundan əlavə, zərər çəkmiş 3 142 ailə evlərini itirib və hazırda xüsusi sığınacaqlara yerləşdirilib.
Telekanalın məlumatına görə, Venesuelanın səhiyyə sisteminin onilliklər boyu baxımsız qalmasından sonra xəstəxanalar zərərçəkənlərin müalicəsinin öhdəsindən çətinliklə gəlir.
Həmçinin qeyd olunub ki, ABŞ zəlzələnin nəticələrinin aradan qaldırılması üçün faciə yerinə axtarış-xilasetmə qruplarını göndərib.
"Bu gün 80 nəfərlik iki axtarış-xilasetmə qrupu Venesuelaya yola düşüb. Bu təcrübəli xilasedicilər Dövlət Departamentinin rəhbərliyi altında ABŞ hökumətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə səylərinə qoşulacaqlar", - məlumatda bildirilib.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib.
Şərhlər