Xəbər lenti

Xaçmazda körpü dağılıb, əraziyə dövlət rəsmiləri gəlib (YENİLƏNİB/FOTO)
Ölkə 14:20 15.09.2023

Xaçmazda körpü dağılıb, əraziyə dövlət rəsmiləri gəlib (YENİLƏNİB/FOTO)

Qudyalçayın Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsünün dağılması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.

"Report"un məlumatına görə, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 26-cı km-də, Xaçmaz şəhərinin mərkəzindən keçən körpünün dağıldığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər qurumların rəsmiləri baş çəkiblər.

Sözügedən ərazidə olan AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, sel suları nəticəsində 3 aşırımlı avtomobil körpüsünün iki aşırım hissəsi dağılıb: "Körpünün çökməsinə sel sularının dayaq sütunlarını dağıtması olub. Qısa müddət ərzində körpü bərpa olunacaq. Artıq lazımi tapşırıqlar verilib. Günün ikinci yarısında zəruri texnikalar əraziyə gətiriləcək. Gediş-gəliş qısa müddətdə təmin olunacaq. Hazırda avtomobillər alternativ olaraq Qımılqışlaq kənd yolundan istifadə edirlər".
 
09.54

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

"Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər", - məlumatda vurğulanıb.

09.43
 
Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.

"Report"un məlumatına görə, ilkin ehtimala əsasən, hadisə nəticəsində "VAZ-21011" markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->