Vüsal Bağırlı
Ölkə 16:51 24.05.2021

Xahiş..

Bir polis nəfəri 28 may metrosu tərəfdə, vağzalın yanında dayanıb gəlib-keçən piyadaların maskasını yoxlayırdı. Kiməsə maskanı düzgün taxmaqla bağlı xəbərdarlıq edir, digərini yerindəcə cərimələyirdi. Beləcə, yetənə yetir, yetməyənə bir daş atırdı.

Bir dəstə taksi şoferi isti çay, kofe, şirniyyat məmulatları satılan budkanın qarşısında dayanıb bərkdən danışaraq söhbətləşir, deyib-gülür, zarafatlaşırdılar.
Birdən sürücülərdən biri polisə yaxınlaşdı.

Nəçənnik qardaş sizdən bir xahiş.

Polis başını qaldırıb təəccüblə sürücüyə baxdı.

De görüm...

Olar maskanı iki dəyqəlik aşağı salıb, siqaretdən bir-iki qullab sümürək?!

Polis altdan yuxarı, yuxarıdan aşağı onları süzdü.

Olar.

Çox sağ ol, çox sağ ol nəçənnik...

Sürücü əllərini sinəsinə qoyub, dal-dalı yeridi. Polis əlini yuxarı qaldırdı. Yəni, çox danışma, icazə verdim, gedin işinizi görün.

Azacıq sonra, sürücülərdən biri əlində plastmas stəkan ehtiyatla həmin polisə yaxınlaşdı. 

Qəməndir, maskanı aşağı çəkib çay içə bilərik?

Polis fikirli idi və qəfil səs onu silkələdi. Diksinib başını yuxarı qaldırdı. Sürücün görüncə, qaşqabağını sallatıd, üz-gözünü turşutdu. Səsinin ötkəm, qalın yerinə salıb dilləndi:

Olar, için.

Bir az da keçdi. Sürücülərdən üçüncüsü, nisbətən dolusu, təşər, arxayın addımlarla polisə tərəf addımladı. O, arxadan polisə yaxınlaşdı və əlində tutduğu girdə bir şeyi yuxarı qaldırıb danışmağa başladı.

Rəis sizə işimiz düşüb. Kökə yemək istəyirik, olar?

Polis dabanüstündə geriyə necə fırlandısa kişinin sözləri ağzında qaldı. O, ayağını yerə döyəcləyərək qəzəblə qışqırdı:

Əşi yeyirsən, cəhənnəmə ye. Gedin nə edirsiniz edin, yeyin, için, zəhərlənin, amma əl çəkin məndən. Əl çəkin!

Bunu deyib, polis sürətli addımlarla ərazidən uzaqlaşdı. Elə qorxuya düşən sürücülər də, hərə öz avtomobilinə minib, mühərriki tələsik işə saldılar və hadisə yerindən uzaqlaşdılar.

Vüsal Bağırlı