Azərbaycanda hər gün orta hesabla 41 nəfərə xərçəng diaqnozu qoyulur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 min 144 nəfər qeydiyyata alınıb. Onlardan 6 min 787-si kişi, 8 min 357-si isə qadındır.
Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1 392 nəfər təşkil edib. Bundan başqa, düz bağırsaq, siqmavari bağırsaqla birləşmə hissəsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri üzrə 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzi xərçəngi üzrə 2 928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb.
Bəs xərçəng xəstəliyinin sürətlə yayılmasının səbəbləri nədir?
Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda insanların üzləşdiyi əsas problemlərdən biri yüksək stress səviyyəsidir:
"İnsanlar çox ciddi stress altındadırlar. İstənilən xarici ölkədə də etiraf edərlər ki, Azərbaycan onkoloqları savadlı mütəxəssislərdir. Xəstəliyin yayılmasını yalnız tibbi xidmət və ya şəraitin zəifliyi ilə izah etmək olmaz. Bu amillərin rolu böyük deyil. Əsas məsuliyyət cəmiyyətin ümumi vəziyyəti, həyat tərzi və insanların üzərindədir. Qida, hava və su da müəyyən təsir göstərən amillərdəndir".
Ekspert qeyd edib ki, bəzi xəstəliklərin yaranma səbəbləri hələ də elmə tam məlum deyil:
"Xərçəngin konkret bir səbəbini göstərmək mümkün deyil. Xəstəlik hüceyrə səviyyəsində başlayan dəyişikliklərlə əlaqədardır. Bir hüceyrədə yaranan zədələnmə zamanla bütöv orqanın fəaliyyətinin pozulmasına gətirib çıxara bilir. Ekoloji problemlər, qeyri-sağlam qidalanma, dərmanlardan nəzarətsiz istifadə, müxtəlif kimyəvi maddələrin təsiri də risk faktorları sırasındadır. Şampunlar, yuyucu vasitələr, siqaret, alkoqol, narkotik vasitələr və xüsusilə stress bu riskləri artıran amillərdir".
Müşfiq Hüseynov hesab edir ki, statistika xəstəliyin yayılma istiqamətləri barədə müəyyən nəticələr çıxarmağa imkan verir:
"Rəqəmlər göstərir ki, mədə-bağırsaq sistemi və qadınlarda ginekoloji xarakterli xərçənglər üstünlük təşkil edir. Hər iki istiqamətdə stress mühüm rol oynayır. Stress həzm sisteminin və hormonal balansın pozulmasına səbəb olur. Eyni zamanda, Azərbaycan cəmiyyətində qidalanma mədəniyyəti daha çox dadlı, lakin sağlam olmayan məhsullar üzərində qurulub. Bu istiqamətdə maarifləndirmə və dəyişikliklərə ehtiyac var".
Ekspertin fikrincə, cəmiyyətdəki yüksək stress səviyyəsi yalnız maddi durumla bağlı deyil:
"Yaşayış tərzi, sosial şəbəkələr, televiziya məzmunu, ailə institutunun zəifləməsi, insanların tənhalaşması və ümumi narahatlıq hissi stress yaradan əsas amillərdəndir. Bunlar insanların psixoloji və fiziki sağlamlığına ciddi təsir göstərir".
Müşfiq Hüseynov Bakının ekoloji vəziyyətinə də diqqət çəkib:
"Əhalinin böyük hissəsi Bakıda yaşayır. Şəhərin havası, suyu, torpağı və ümumi ekoloji vəziyyəti ciddi problemlər yaradır. Azərbaycanda ən çox rast gəlinən xəstəliklər ürək-damar və onkoloji xəstəliklərdir. İnsanlara tövsiyəm odur ki, stressdən uzaq dursunlar, qidalanmalarına diqqət etsinlər, açıq havada daha çox vaxt keçirsinlər və imkan daxilində şəhər mühitindən kənarda istirahət etsinlər".
Bahar Rüstəmli
Şərhlər