"Gərək aparıcı "başıbütöv" deyilsə, gəlinin əlinə xına yaxmamalıdır. Bu, tövsiyə olunmur. Çünki insanlar beyninə salır ki, başsız qadın gəlib mənim əlimin xınasını yaxdı”.
Bunu Qaynarinfo-ya açıqlamasında xına məclislərinin aparıcısı, şairə Nazilə Səfərli Əməkdar artist Gövhər Rzayevanın "Boşanmış qadın xına aparmaz" kimi qalmaqallı fikrinə aydınlıq gətirərkən deyib. Şairə bildirib ki, Gövhər Rzayeva xına məclisinin aparıcısından deyil, xınanı gəlinin əlinə kimin yaxmasından danışır.
"Bizim məclislərimizdə də belədir, əgər toy sahibi özü istəməsə, əhd eləməsə ki, xınamı Nazilə yaxsın, mən belə onun əlinə xına yaxmıram. Çünki həmin nəsildə o qədər başıbütöv qadınlar, hacıxanımlar var ki, bu işi də görmək onlara düşür. Xına dəmlənilir, məclisdə yaxınlaşıb hər iki tərəfdən soruşuram, evlisiniz? Deyəndə ki, ikimiz də ailəliyik, deyirəm o zaman xınanı yaxın. Ailəli deyillərsə, məclisdə olan xöşbəxt gəlinlərdən biri xınanı qarışdırır. Ona qədər mən xınanı qarışdrmağa icazə vermirəm. Ailəsi olmayan, boşanan qadınların heç birinə xına qarışdırmağa icazə vermirəm. Ailəsindən ayırlan adam niyə başqasının xınasını qarışdırsın? Düşər-düşməzi var. Təbii ki, bu xurafatdır, batil inancdır. İnsan bunu beyninə, ürəyinə salar, deyər ki, dul qadın gəlib mənim məclisimdə xınamı yaxıb. Niyə qarğış yiyəsi olum? Gövhər xanım çox haqlıdır. Onun dediyi qədim zamana aiddir, o vaxt xına aparıcıları yox idi, hamı evin adamları idi. Onların arasında kimin ailəli, kimin subay, kimin də boşanmış olduğunu hamı bilir. İcazə verilməyən insanlar xınaya yaxın durmazdı”.
Nazilə Səfərli vurğulayıb ki, gəlinin əlinə xına yaxmaq aparıcının haqqı deyil:
"Məclisdə xeyir-dua verən xanımlar, hacıxanımlar var, gəlinin əlinə xına yaxmaq aparıcının haqqı deyil. Evli ya evsiz, ancaq gəlinin öz arzusu olarsa aparıcı xına yaxa bilər. Mən ümumi təcrübəmdə bəlkə 100 dəfə xına yaxmışam, ondan qalan məclislərin hər birində toy sahibi özü yaxıb”.
Nazilə Səfərli Gövhər Rzayevanın fikirlərində bir həqiqətin olduğunu xatırladıb:
"Öz ailəsi olmayan, bir dəfə də qayınanaya çay süzməyən, ər qulluğunda durmayan, məclislərdə başqasına ailə dəyərlərindən dərs deyə bilməz. Belinə qırmızı bağlanıb, üzünə duvaq örtülüb gəlin köçməyən, xeyir-dua verilməyən qadın aparıcı olsa belə, standart aparıcılıqda qalmalıdır və heç kimin qızına, təzə gəlininə ağıl verməməlidir. Özündə olmayanı aşılamamalıdır. Özün yaşamasan, deyə bilməzsən”.
Qeyd edək ki, Əməkdar artist Gövhər Rzayeva xına aparıcılarına nesaj ünvanlayıb. Qarmon ifaçısı "Xına məclisini başıbütöv adam aparar: oğlu, qızı, həyat yoldaşı, nəvəsi olan. Xeyir-duanı kiçiyə böyük verər. Boşanmış qadının xına aparması düzgün deyil. İstəyir incisinlər, istəyir nə edir etsinlər. Mənim fikrim budur", - deyə bildirib.
Onun bu açıqlaması xına aparıcıları arasında qalmaqal yaradıb.
Bahar Rüstəmli
Şərhlər