Azərbaycanın Torpaq Məcəlləsində xüsusi qorunan ərazilərin torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qaydalar müəyyənləşdirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində xüsusi qorunan ərazilərin torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qaydalar müəyyənləşdirilib.
Məcəlləyə əsasən, xüsusi qorunan ərazilərin torpaqları təbiətin mühafizəsi, elmi, sağlamlaşdırma, tarix-mədəniyyət, turizm və rekreasiya baxımından xüsusi əhəmiyyət daşıyan torpaqlardır.
Belə torpaqlara təbiəti mühafizə nəzarətli, təbii qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, eləcə də tarix-mədəniyyət təyinatlı ərazilər daxildir.
Təbiəti mühafizə nəzarətli torpaqlara çayların və digər yerüstü su axınlarının, sututarların suqoruyucu zonaları, kürü tökülməsi üçün mühafizə zolaqları, qoruyucu meşələr, otlaq, tarla, suqoruyucu və eroziyaya qarşı meşə əkmələri daxildir. Bu ərazilərdə qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində təsərrüfat fəaliyyətinə yol verilə bilər.
Çayların, göllərin, su anbarlarının və digər su təsərrüfatı obyektlərinin ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır. Bu zonalarda yerləşən torpaq sahələri, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, mülkiyyətçilərdən və icarəçilərdən geri alınmır və müəyyən edilmiş xüsusi rejimə uyğun istifadə edilir.
Təbii qoruq təyinatlı torpaqlara qoruqların, yasaqlıqların, təbiət abidələrinin, milli parkların, dendroloji və zooloji parkların, nəbatat bağlarının və geoloji parkların əraziləri daxildir.
Qoruq ərazilərində təbii komplekslərin ilkin vəziyyətinin qorunması, təbiətdə gedən proseslərin öyrənilməsi və təbiətin mühafizəsi əsas məqsəd hesab olunur. Yasaqlıqlar isə təbii ehtiyatların qorunması və bərpası, ekoloji tarazlığın saxlanılması, həmçinin bioloji, paleontoloji, hidroloji və geoloji obyektlərin mühafizəsi üçün nəzərdə tutulur.
Milli parkların torpaqları xüsusi ekoloji, tarixi və estetik dəyərə malik təbii və mədəni landşaftlardan ibarət ərazilərdir.
Sağlamlaşdırma təyinatlı torpaqlara xəstəliklərin profilaktikası və müalicəsi üçün istifadə olunan və müalicəvi xüsusiyyətlərə malik ərazilər, o cümlədən çimərliklər, mineral su ehtiyatları, müalicəvi neft və palçıq yataqları daxildir. Bu ərazilərdə təbii müalicə vasitələrinin qorunması məqsədilə sanitariya mühafizə zonaları yaradılır.
Turizm və rekreasiya təyinatlı torpaqlar əhalinin istirahəti, turizm, bədən tərbiyəsi və idman fəaliyyəti üçün nəzərdə tutulur. Bu ərazilərə istirahət evləri, pansionatlar, kempinqlər, turist bazaları, meşə-parklar, şəhərətrafı yaşıllıq zonaları, turist cığırları, uşaq və idman düşərgələrinin yerləşdiyi torpaqlar aid edilir. Bu torpaqların təyinatı üzrə istifadəsinə mane olan fəaliyyətlərə yol verilmir.
Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqları, xatirə parkları, qəbiristanlıqlar, məzarlar və arxeoloji abidələrin yerləşdiyi ərazilər daxildir. Bu torpaqlarda onların məqsədli təyinatına zidd fəaliyyətə icazə verilmir.
Həmçinin qoruq torpaqlarının, yaşayış məntəqələrinin sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, hidrotexniki və su götürmə qurğularının, eləcə də içməli və texniki su təchizatı obyektlərinin ətrafında mühafizə və sanitariya zonaları yaradılır.
Bu zonalarda torpaqlardan istifadə qaydaları, şərtləri və ölçüləri normativ-hüquqi aktlarla müəyyən edilir.
Günay
Şərhlər