Türkiyədə “Süleymançılar” kimi tanınan dini icmaya qarşı keçirilən əməliyyatla bağlı yeni detallar ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, Ankara Cumhuriyet Baş Prokurorluğunun araşdırması çərçivəsində 17 vilayətdə keçirilən əməliyyatda aralarında təşkilatın rəhbəri olduğu iddia edilən Alihan Kurişin də olduğu 37 şübhəli saxlanılıb.
Əməliyyat zamanı Alihan Kurişin polis tərəfindən evindəki gizli bölmədə tapıldığı bildirilir. Məlumata görə, polis əməkdaşları səhər saatlarında onun rəsmi qeydiyyatda olduğu ünvana gedib. Lakin Kurişin həmin evdə olmadığı, mobil telefonunu isə evdə qoyaraq başqa ünvana getdiyi müəyyən edilib.

Daha sonra onun başqa bir ünvanda olduğu müəyyənləşdirilib və polis həmin evə də əməliyyat keçirib. Lakin aparılan ilkin axtarış zamanı Kuriş burada da aşkarlanmayıb. Daha ətraflı axtarış zamanı evdə gizli bölmənin olduğu müəyyən edilib və Kurişin həmin yerdə gizləndiyi üzə çıxıb.
İstintaqın əsas istiqamətlərindən biri isə təşkilatla əlaqəli şirkətlərin maliyyə fəaliyyətidir. Hazırlanan MASAK hesabatında 2020-ci ildən sonra bir çox şirkətin maliyyə dövriyyəsinin kəskin artdığı, şirkətlərin bölünməsi və başqa şəxslərə və ya şirkətlərə ötürülməsi ilə bağlı əməliyyatların aparıldığı qeyd olunub.
Hesabatda bəzi şirkətlərin aktiv kommersiya fəaliyyəti aparmadığı, buna baxmayaraq yüksək məbləğdə kapitala malik olduğu və həmin vəsaitlərin bağlı şirkətlərin maliyyələşdirilməsinə yönəldildiyi bildirilib. Bu üsulun maliyyə əməliyyatlarının izlənilməsini çətinləşdirmək məqsədi daşıdığı iddia edilir.

MASAK həmçinin şirkətlərin hesablarında yüksək məbləğdə nağd pul dövriyyəsi və mənbəyi izah edilməyən vəsaitlərin olduğunu müəyyən edib. Müxtəlif ödəniş sistemləri vasitəsilə şirkətlərə daxil olan pulların daha sonra digər şirkətlərə böyük məbləğlərdə köçürüldüyü də hesabatda yer alıb.
İstintaq çərçivəsində şübhəlilərə qarşı cinayət təşkilatı yaratmaq və idarə etmək, təşkilata üzv olmaq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlət qurumlarına qarşı dələduzluq və vergi qanunvericiliyinin pozulması ilə bağlı araşdırma aparılır.
Aydın
Şərhlər