İspaniyanın Toledo şəhərində yaşayan 82 yaşlı Xuan Lopes Qarsia yaşı irəliləməsinə baxmayaraq nümayiş etdirdiyi qeyri-adi fiziki göstəricilərlə alimlərin diqqətini cəlb edib.
Qyanarinfo xəbər verir ki, ultra marafonlarda iştirak edən Lopes Qarsianın fizioloji dəyərləri özündən onilliklər daha gənc şəxslərlə oxşarlıq təşkil edir. Bəs o buna necə nail olub?
Maraqlı məqamlardan biri də budur ki, Qarsia 66 yaşına qədər müntəzəm idmanla məşğul olmayıb və atlet kimi hər hansı məşq keçmişinə sahib detil. Avtomobil ustası kimi çalışdıqdan sonra təqaüdə çıxan ispaniyalı ilk vaxtlar bir kilometri belə tamamlamaqda çətinlik çəkdiyini deyir.
Lakin ardıcıl və planlı məşq proqramı sayəsində o, fiziki dözümlülüyünü mərhələli şəkildə artırıb və 70 yaşında yarışlara qatılmağa başlayıb. Qısa məsafələrlə başlayan idman yolu zamanla marafonlara, daha sonra isə ultra marafonlara qədər uzanıb.
80 yaş üzərində rekord VO2 max göstəricisi
Lopes Qarsianı araşdıran alimlər onun aerobik tutumunun yaşıdları ilə müqayisədə son dərəcə yüksək olduğunu müəyyən ediblər. Laboratoriya testləri zamanı orqanizmin oksigendən nə dərəcədə səmərəli istifadə etdiyini göstərən VO2 max göstəricisinin 80 yaşdan yuxarı bir şəxs üçün indiyədək qeydə alınmış ən yüksək səviyyədə olduğu üzə çıxıb. Bildirilir ki, bu göstərici adətən 20–30 yaşlı sağlam kişilərin səviyyəsinə uyğundur.
Tədqiqatçılar həmçinin Qarsianın əzələlərinin oksigeni mənimsəmə və istifadə etmə baxımından qeyri-adi səmərəlilik göstərdiyini, bunun da ona uzun müddət yüksək tempdə qaçmağa imkan verdiyini bildiriblər. İtaliyanın Paviya Universitetində çalışan məşq fizioloqu Simone Porçelli qeyd edib ki, qocalma prosesinin gedişi ilə bağlı hələ də çoxlu suallar mövcuddur.
Araşdırmanın həmmüəlliflərindən Xulian Alkasar isə bildirib: "Çox da uzaq olmayan keçmişdə yaşlı insanların intensiv idmanla məşğul ola bilməsi və ya bunun faydalı olması düşünülmürdü. Lopes Qarsia bunun əksini sübut edir. Bu, təkcə mümkündür deyil, eyni zamanda tövsiyə olunmalıdır".
Genetikadan çox intizamlı məşq
Alimlər vurğulayırlar ki, Lopes Qarsia bioloji baxımdan bütün göstəricilər üzrə "insanüstü” nəticələrə malik deyil. Onun aerobik tutumu fövqəladə olsa da, laktat həddi və qaçış iqtisadiyyatı kimi digər performans göstəriciləri yaxşı səviyyədədir, lakin həddindən artıq yüksək deyil. Bu isə uğurun əsasən genetik üstünlüklərdən deyil, müntəzəm və intizamlı məşqlərdən qaynaqlandığını göstərir.
82 yaşlı idmançı yarış mövsümü xaricində həftədə təxminən 64 kilometr qaçır, yarışlara hazırlaşarkən isə bu məsafəni demək olar ki, iki dəfə artırır. Proqramına uzun və orta tempdə qaçışlar, həftədə bir neçə dəfə interval məşqlər və ev şəraitində bədən çəkisi ilə güc çalışmaları daxildir. Qidalanma rejimini isə "tamamilə normal” Aralıq dənizi pəhrizi kimi xarakterizə edir.
İdmana başlamaq üçün gec deyil
Tədqiqatçılar bildirirlər ki, Lopes Qarsianın hekayəsi idmana başlamaq üçün artıq gec olduğunu düşünən yaşlı insanlar üçün ruhlandırıcı nümunədir.
Qarsia isə elit səviyyəyə çatmağı heç vaxt hədəfləmədiyini, qaçmağa yalnız sağlamlığını qorumaq məqsədilə başladığını deyir. O, yeni başlayanlara əvvəlcə yavaş templə başlamağı, sürətli gəzinti ilə irəliləyib zamanla qaçışa keçməyi tövsiyə edir.
Səksən yaşlı insanları düşündükdə nənə və babasını xatırladığını deyən Qarsia əlavə edir: "Onlar o yaşda artıq çox qocalmış kimi görünürdülər. Mən isə bu gün özümü yaşlı hiss etmirəm”.
"Mavi zonalar” yenidən gündəmdə
Bu diqqətçəkən hadisə dünyada 100 yaş və daha yuxarı insanların nisbətən çox yaşadığı "Mavi zonalar”a marağın artdığı bir dövrdə gündəmə gəlib.
Yaponiyanın Okinava, İtaliyanın Sardiniya, Yunanıstanın İkariya, Kosta Rikanın Nikoya və ABŞ-nin Kaliforniya ştatındakı Loma Linda bölgələri bu ərazilərin ən məşhur nümunələridir.
Mütəxəssislər uzun və sağlam ömrün sirrinin sərt pəhrizlərdə və ya bahalı qida əlavələrində deyil, davamlı həyat tərzində gizləndiyini bildirirlər. Əsasən bitki mənşəli qidalanma, gündəlik yüngül fiziki aktivlik, güclü sosial əlaqələr, stressin idarə olunması və ölçülü qidalanma bu icmaların ortaq xüsusiyyətləri kimi göstərilir.
Amerikanın Yaşlanma Araşdırmaları Federasiyasının elmi direktoru doktor Stiven N. Ostad isə xəbərdarlıq edib ki, miqrasiya, urbanizasiya və qərbləşmə kimi amillər bir zamanlar inkişaf etmiş "Mavi zona”nı aradan qaldıra bilər.
Xuan Lopes Qarsianın hekayəsi göstərir ki, hətta irəli yaşlarda belə fiziki potensial gözləniləndən daha yüksək səviyyəyə çatdırıla bilər və bu, qocalma ilə bağlı formalaşmış təsəvvürləri yenidən müzakirəyə çıxarır.
Aydın
Şərhlər