Xəbər lenti

Yellouston Milli Parkından daha qədim: Ən uzunömürlü quru heyvanı hansıdır?
Dünya 23:35 10.04.2026

Yellouston Milli Parkından daha qədim: Ən uzunömürlü quru heyvanı hansıdır?

Dəqiq doğum tarixi məlum olmasa da, ekspertlər Conatan adlı Seyşel nəhəng tısbağasının təxminən 1832-ci ildə doğulduğunu ehtimal edirlər. O, hazırda dünyanın ən uzunömürlü yaşayan quru heyvanı hesab olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Discoverwildlife" yazıb.

Conatan Müqəddəs Yelena adasında yaşayır. Bu ada Cənubi Atlantik okeanında yerləşən uzaq vulkanik ərazidir. Tısbağa Plantation House ərazisində – adanın qubernatorunun iqamətgahında qorunur və ona xüsusi qayğı göstərilir.

Qeyd olunur ki, onun doğum tarixi ilə bağlı dəqiq sənəd olmasa da, 2022-ci ildə adanın qubernatoru Naysel Fillips tərəfindən rəsmi olaraq 4 dekabr tarixi onun doğum günü kimi qəbul edilib.

Conatan tarixi hadisələrin şahidi olub. O, közərmə lampasının ixtirası (1879) və insanların Aya ilk enişi (1969) kimi mühüm hadisələrdən əvvəl doğulmuş sayılır. Həmçinin o, Yellouston Milli Parkından (1872) və Yosemit Milli Parkından (1864) daha yaşlıdır.

Maraqlıdır ki, Conatan Çarlz Darvinin HMS Beagle gəmisində səyahətə çıxdığı dövrləri də "yaşayıb görüb”. Darvinin sonradan "Növlərin mənşəyi” əsəri təkamül nəzəriyyəsinin əsasını qoyub.

Conatan həm də Britaniya kral ailəsinin bir neçə üzvü ilə – o cümlədən kraliça II Yelizaveta və şahzadə Filip ilə görüşüb.

2026-cı il 1 aprel tarixində sosial şəbəkələrdə onun öldüyü barədə yanlış məlumat yayılsa da, ertəsi gün Müqəddəs Yelena hökuməti tısbağanın "sağ və salamat” olduğunu açıqlayıb.

Aydın

--> -->