Dünyanın ən şimalında yerləşən, sərt soyuqları və uzun, qaranlıq qış gecələri ilə tanınan Finlandiyada insanların necə davamlı şəkildə xoşbəxt qala bilməsi uzun illərdir maraq doğurur. Alkoqol istehlakının yüksək olması kimi mənfi göstəricilərə baxmayaraq, ölkə qlobal xoşbəxtlik indekslərində lider mövqeyini qoruyur.
Qaynarinfo xəbər verir ki, bu vəziyyətin səbəbləri artıq yalnız "şimal möcüzəsi” kimi izah edilməyəcək. Finlandiya hökuməti rifah və xoşbəxtliyin arxasındakı real faktorları elmi əsaslarla araşdırmaq üçün müasir dövrün ən uzunmüddətli tədqiqat layihələrindən birini həyata keçirir. "Gələcək Finlandiya” adlı bu genişmiqyaslı proqram 100 il davam edəcək və bir nəsli bütün həyat dövrü boyunca izləyəcək.
Layihə Finlandiya Səhiyyə və Rifah İnstitutu tərəfindən koordinasiya olunur və 2026–2029-cu illər arasında doğulan təxminən 200 min uşağı əhatə edir. Tədqiqatçılar yalnız bu gün deyil, onilliklər boyunca iştirakçıların həyatını izləyəcək. Müntəzəm olaraq toplanacaq bioloji nümunələr genetik meyllərin ətraf mühit faktorları ilə necə qarşılıqlı təsirə girdiyini ortaya çıxara bilər. Eyni zamanda, sorğular vasitəsilə ailə mühiti və cəmiyyət dəyişikliklərinin insanların psixoloji vəziyyətinə təsiri araşdırılacaq. Alimlər bu yolla təbiət sevgisi və güclü sosial dövlət kimi ümumi yanaşmaların kənarına çıxaraq həyat keyfiyyətini formalaşdıran əsas amilləri müəyyən etməyi hədəfləyirlər.
Bu yüzillik müşahidə proqramı yalnız uğur hekayəsi yaratmaq məqsədi daşımır. Layihə eyni zamanda müasir dünyanın yaratdığı yeni problemləri anlamağa yönəlib. Psixoloji böhranlar, hərəkətsiz həyat tərzindən qaynaqlanan xəstəliklər və dərinləşən sosial bərabərsizliklər əsas araşdırma mövzuları sırasındadır.
İnstitutun baş direktoru Mika Salminen hesab edir ki, hər hansı problemi kökündən həll etmək üçün əvvəlcə onun yaranma mənbəyini anlamaq lazımdır. Onun sözlərinə görə, uzun illərə yayılan bu məlumatlar cəmiyyətin ümumi rifahını qorumaq üçün strateji istiqamətlər müəyyən etməyə kömək edəcək.
Finlandiya bu cür layihələrdə tək deyil. Oxşar tədqiqatlar daha əvvəl Böyük Britaniya, ABŞ və Yeni Zelandiyada da aparılıb. Məsələn, Böyük Britaniyada keçirilən araşdırmalar gənc qızlar arasında depressiya səviyyəsinin yüksək olduğunu üzə çıxardıqdan sonra ölkədə təhsil və səhiyyə siyasətində ciddi dəyişikliklər edilib. Finlandiya da oxşar yanaşma ilə öz cəmiyyətinin xüsusiyyətlərini daha dərindən öyrənmək istəyir.
Finlandiyanın sabiq prezidenti Sauli Niinistö bu təşəbbüsü uzaqgörən cəmiyyətin gələcək nəsillərə qarşı borcu kimi qiymətləndirib. Onun fikrincə, bir əsr sonra bugünün uşaqları yaşlandıqda, xoşbəxtliyin sadəcə hiss deyil, elmi əsaslara söykənən bir nəticə olduğu sübut oluna bilər.
Aydın
Şərhlər