Azərbaycanda “Dövlət auditi” informasiya sistemi yaradılacaq. Yeni elektron sistem vasitəsilə audit sahəsində məlumatların mərkəzləşdirilməsi və bu xidmətlərdən daha operativ istifadə imkanlarının yaradılması nəzərdə tutulur. Bəs yeni sistem audit prosesini nə dərəcədə sadələşdirəcək və şirkətlər üçün hansı imkanlar yaradacaq?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Natiq Cəfərli hesab edir ki, yeni sistem təkcə dövlət vəsaitlərinə nəzarət baxımından əhəmiyyət daşımır. Onun sözlərinə görə, DAİS özəl və dövlət şirkətlərində audit prosesinin daha da sadələşdirilməsinə və sürətlənməsinə imkan verə bilər:
“Bu, təkcə dövlət nəzarəti, dövlət vəsaitlərinə nəzarət məsələsi deyil. Ölkədə bir neçə fəaliyyət növü var ki, orada audit mütləqdir. Məsələn, tenderə girmək istəyən və yaxud da xarici ölkələrdən kredit almaq istəyən şirkətlərə, özəl şirkətlərə belə audit vacibdir. Dövlət şirkətlərində ildə bir dəfə auditin aparılması vacibdir. Hətta bura siyasi partiyalar da aiddir, çünki qanun bunu tələb edir. Bir çox sahələr var ki, bu, təkcə dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı deyil. Dövlət vəsaitlərinə əsasən Hesablama Palatası nəzarət edir və onlar ildə bir dəfə audit keçirirlər. Amma özəl sektorda da bu sahəyə tələbat var. Çox zaman onlayn qaydada müraciətlərin və reyestrin olmaması səbəbindən tez-tez müraciət etmək lazım olurdu ki, audit şirkəti, bələdiyyə və ya özəl şirkət tərəfindən heç olmasa birbaşa yoxlama keçirilib hansısa sənəd verilsin".

Natiq Cəfərli qeyd edib ki, yeni sistemin mərkəzləşdirilmiş və onlayn formada qurulması audit hesabatlarının əldə edilməsini asanlaşdıra bilər:
“İndi bu, mərkəzləşdirilmiş və onlayn qaydada çox güman ki, olacaq. Hansı şirkətə, hansısa təşkilata audit hesabatı lazımdırsa, hansısa firma ilə bağlıdırsa və özəl şirkətlə bağlıdırsa, o məlumatı mərkəzdən əldə etmiş ola biləcək. Bu da işlərin sürətini artıracaq. Ümumilikdə götürəndə, indi işin düzgün təşkilindən də çox şey asılıdır. Amma indiki formada, əgər nəzərdə tutulanlar yerinə yetirilsə, müəyyən qədər bu audit məsələsi xeyli dərəcədə sadələşdiriləcək. Dövlət şirkətlərinin də xaricdən hansısa bir kredit xətti açmaq, almaq istəyirlərsə, onların da audit aparılmasına, audit sənədinin olmasına ehtiyacı var. Yəni qanun və qaydalar bunu tələb edir. Ona görə də düşünürəm ki, təkcə özəl yox, dövlət şirkətlərinə də bunun müsbət təsirləri olacaq”.
Günay İlqarqızı
Şərhlər