Xəbər lenti

Yol üstündə olan Mikels bizə nəyi sübut edir?
Amal Abuşov
İdman 09:34 08.08.2023

Yol üstündə olan Mikels bizə nəyi sübut edir?

"Partizan”la oyun öncəsi "Sabah” azarkeşlərinin qanını qaraldan bir xəbər yayılıb. Komandanın almaniyalı yarımmüdafiəçisi Coy-Lens Mikels ərəblərdən yaxşı təklif alıb. Həmin təklif o qədər cəlbedicidir ki, Mikelsin gözləri qamaşıb, başı dönüb. "Sabah”ın Azərbaycanda çempionluq uğrunda mübarizə aparması, UEFA Konfrans Liqasında qruplara düşmək perespektivinin olması belə futbolçunu Bakıda saxlamağa kifayət etmir.

Mikels bu aralar sosial şəbəkələrdə xeyli məşhurlaşmışdı. Onun "Bakılı balasıyam” mahnısının sədaları altında etdiyi rəqs görənlərin üzünü güldürürdü, paylaşılan videolara xeyli bəyənmə gəlirdi. Sevinirdik ki, bir əcnəbi futbolçu Bakını, Azərbaycanı və "Sabah”ı o qədər sevir ki, belə ürəkdən rəqs edir. Almaniyalı yarımmüdafiəçinin bizə ürəkdən bağlanmasından qürur duyurduq. Əmin idik ki, Mikelsin "Sabah”la yolu xeyli uzanacaq, futbolçu komandasını daha böyük uğurlara daşıyacaq qollara imza atmaqda davam edəcək. Bu yerdə onu da etiraf edək ki, Mikels Azərbaycana gəlmiş-getmiş legionerlərin ən yaxşılarındandır. Onun "Sabah”a fayda verməsi heç kimdə şübhə doğurmur.

Bəhs etdiyim videoların yayılmağa başladığı ərəfədə ərəblərdən gələn transfer təklifi heç yerinə düşmədi. Onsuz da bütün dünya futbolu ərəblərin milyonlarının gözqamaşdıran cazibəsindən əziyyət çəkir. Ronaldonun Səudiyyə Ərəbistanına yollanmasıyla dünya futbolunda yeni bir dövr başlayıb. Portuqaliyalı ulduz da vurğulayıb ki, yaxın beş ildə Səudiyyə Ərəbistanının çempionatı Avropanın "böyük beşlik”dəki futbol birincilikləri ilə eyni sırada dayanacaq. Artıq bu proses başlayıb. Görünən odur ki, bundan təkcə Avropanın aparıcı futbol çempionatları və klubları yox, biz də əziyyət çəkəcəyik. 

Mikelsin açıqlamasına diqqət yetirək: "Hal-hazırda 29 yaşım var, 23 yaşında deyiləm ki, belə təklifləri rədd edə bilim. Karyeramın da çox ili qalmayıb. Ailəmi də fikirləşməliyəm ki, maddi cəhətdən onu təmin edə bilim...” Futbolçu ərəblərin təklifindən yararlanır, "Sabah”ın rəhbərliyinə də ismarıc yollayır. Deyir ki, maaşımı artırsalar, Bakıda qalaram. Yəni ki, pulumu artırın, mən "bakılı balası” olmağa davam edim. Xatırladım ki, Mikels "Sabah”a gələnə qədər həmişə aşağı liqalarda çıxış edib. Almaniyanın aşağı divizonlarında çıxış edən klublarda forma geyinən futbolçu sözsüz ki, "Sabah”dakından daha az qazanıb, avrokuboklarda çıxış etməyi heç ağlının ucundan belə keçirməyib. Görünən odur ki, "Sabah”dakı oyunu onun taleyini dəyişib, 30 yaşında milyonçu olmaq üçün əla fürsət qazanıb.

Qərar vermək haqqı futbolçunun özündədir. Buna görə onu qınamağa da dəyməz. Amma burda diqqət yetirməli olduğumuz bir məsələ var. İllərdir ki, azərbaycanlı azarkeşlər, hətta mətbuat nümayəndələri "Qarabağ”ı qınayır. Deyirlər ki, klub transferlərə daha çox pul xərcləməli, milyonluq futbolçular gətirməli və bununla da Çempionlar Liqasında qarşısına çıxanı məğlub etməlidir. Qurban Qurbanov da, klubun rəhbər şəxsləri də deyir ki, məsələ pulda deyil, yaxşı futbolçuları Azərbaycana gəlməyə razı salmaq olmur. Onların sözünə inanmayanlar, şübhə edənlər tapılır. Buyurun, cənablar. Gözümüzün önündə Mikels nümunəsi var. Almaniyanın aşağı liqa klublarından gələn 30 yaşlı futbolçunu Azərbaycanda saxlamaq olmur. Adam Azərbaycan Premyer Liqasında çempionluq uğrunda yarışmağı, avrokuboklarda oynamağı yox, Ərəbistanda daha çox qazanmağı seçir. Biz də nəyi qoyub, nəyi axtarırıq...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->