Xəbər lenti

İdman 15:13 02.04.2024

Yunis Hüseynov yeni rəhbərlikdən nə gözləyir: “Sabah başlasaq, bir gün gecikəcəyik...”

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov AFFA-nın bugünkü iclasının nəticələri ilə bağlı düşüncələrini bölüşüb.

Qaynarinfo-ya açıqlamasında yeni rəhbərlikdən nələr gözlədiyini deyən Hüseynov futbolun yaxşı gələcəyinə ümidlər bəslədiyini bildirib:

"İndiyə qədər çox işlər görüldü, stadionlar tikildi. Milli komandaya da həmişə yüksək səviyyədə baxılıb. İnanıram ki, bundan sonra da olacaq. Rövşən Nəcəf gəncdir, hiss etdim ki, Azərbaycan futbolunda irəliləyiş görmək istəyir. İnkişafı tez sürətləndirmək istəyir. Həqiqətən gələcəyə ümidlə baxıram, hiss olundu ki, futbolu sevən insandır və diqqət yetirəcək”.

Hüseynov yeni rəhbərliyin üzərinə çox iş düşəcəyini deyib:

"Futbolu inkişaf etdirmək istəyirlərsə, əlbəttə, çox işlər görmək lazımdır. O cümlədən İcraiyyə Komitəsinin də üzərinə çox iş düşəcək. Hərə bir fikir söyləməli, inkişafın yollarını göstərməlidir. Yəqin ki, müzakirələr aparacaqlar. İnanıram ki, nail olacaqlar”.

AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibində iki futbol adamı - Səməd Qurbanovla, Qurban Qurbanov yer alacaq. Maraqlıdır, əksəriyyəti futbol adamı olmayan yeni İcraiyyə Komitəsinin üzvləri arasında bu iki nəfər nə dərəcədə effektli olacaq?

"Düz deyirsiniz, sırf futbol adamlarından yalnız Səmədlə Qurban Qurbanov var. Amma orada klublarda çalışan insanlar da var. Əlbəttə, istərdim ki, futbol adamlarının sayı daha çox olsun. Çünki bu insanlar inkşafla bağlı daha yaxşı fikirlər söyləyə bilərlər. Ümid edirəm ki, daha yaxşı olacaq. Bunların hamısını gələcək göstərəcək. Bir günlə heç nə deyə bilmərik. Futbolun içindən çıxmış insanların sayı çox olsaydı, lap yaxşı olardı. Səmədlə Qurban Qurbanov yəqin ki, öz fikirlərini bildirəcək. Onların sözünə qulaq asıb-asmayacaqlarını isə zaman göstərəcək. 

"Ümidim var ki, yeni rəhbərlik rayonlarda klubların sayını artıracaq. Düzdür, bunun üçün maliyyə dəstəyi olmalıdır. Ancaq fikrimcə, bu elə də böyük problem deyil. SOCAR bunun öhdəsindən gələ bilər. Düşünün ki, rayonlarda oyunlara çox azarkeş gəlir. Azarkeş dəstəyi olanda inkaşf da görünür. Xatırlayırsınızsa, "Turan Tovuz”la "Qarabağ”ın Tovuzda keçirilən oyununa nə qədər azarkeş gəlmişdi. Ona görə də Premyer Liqada daha çox rayon təmsil olunmalıdır. Bunun millimizə də faydası olacaq. Əsasən uşaq futboluna diqqətlə yanaşmaq lazımdır. Akademiyalara ciddi şəkildə baxılmalıdır. Akademiya varsa, bu o demək deyil ki, hər şey yaxşıdır. Orada məsuliyətli və ciddi işlər aparılmalıdır ki, uşaq yetişsin. Bu gündən başlasaq, 10 ildən sonra yaxşı futbolçuların çıxacağına inanmaq olar. Ancaq indi başlamaq lazımdır. Sabah başlasaq, bir gün gecikmiş olacağıq”.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?