Xəbər lenti

Yuxusuzluq düzgün qidalanmadan daha təhlükəlidir: Alimlər riskləri açıqladı
Sağlamlıq 14:00 12.01.2026

Yuxusuzluq düzgün qidalanmadan daha təhlükəlidir: Alimlər riskləri açıqladı

Pis yuxu həyat müddətini qısalda bilər və bu təsir düzgün qidalanmamaq, fiziki aktivliyin azlığı və ya tənhalıq kimi amillərdən daha güclü ola bilər. Bu barədə ABŞ-nin Oregon Sağlamlıq və Elm Universitetində (OHSU) aparılan yeni araşdırmada qeyd olunur. 

Qaynarinfo xəbər verir ki, tədqiqat haqqında "Foxnews” məlumat yayıb.

"Sleep Advances” jurnalında dərc olunan araşdırmada alimlər ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) ölkə üzrə sorğu məlumatlarını təhlil edərək, dairələr üzrə orta həyat müddəti ilə əlaqəli meyilləri müəyyən ediblər.

Araşdırma nəticəsində məlum olub ki, kifayət qədər yatmamaq ABŞ-nin bütün ştatlarında ölüm riskinin artmasına səbəb olur və sağlamlığa təsiri baxımından yalnız siqaret çəkməkdən geri qalır.

OHSU-nun Tibb Bacılığı Məktəbində Yuxu, xronobiologiya və sağlamlıq laboratoriyasının direktoru, dosent və tədqiqatın aparıcı müəllifi Endryu MakHill bildirib ki, yuxunun həyat müddəti ilə bu qədər güclü əlaqəli olacağını gözləmirmiş.

"Biz həmişə yuxunun vacib olduğunu düşünürdük, amma bu araşdırma bunu açıq şəkildə təsdiqləyir: insanlar həqiqətən gecə 7–9 saat yatmağa çalışmalıdır. Bu tədqiqat göstərir ki, yuxuya ən azı qidalanma və fiziki fəaliyyət qədər prioritet verməliyik”, deyə o qeyd edib.

Kaliforniyada yerləşən "Amen Clinics” klinikalar şəbəkəsinin sahibi, psixiatr doktor Daniel Amen isə yuxunun beyin fəaliyyəti və uzunömürlülük üçün əhəmiyyətini vurğulayıb.

"Yuxu son dərəcə vacibdir. Siz yatarkən beyniniz təmizlənir və yuyulur. Əgər gecə 7–9 saat yatmırsınızsa, beyniniz real yaşınızdan daha qoca görünür – qan dövranı azalır və iltihab artır. Bu halda beynin gün ərzində yığılan toksinlərdən xilas olmaq üçün kifayət qədər vaxtı olmur”, deyə o bildirib.

Həkim xəbərdarlıq edib ki, yuxu çatışmazlığı yanlış qərarların qəbuluna və problemlərin qapalı dövrə düşməsinə səbəb ola bilər.

"Beynin alın paylarında aktivlik azaldıqda siz təkcə yorğunluq hiss etmirsiniz, həm də daha çox yemək istəyir və daha tez-tez səhv qərarlar verirsiniz. Bu isə stress yaradır və nəticədə növbəti gecə də pis yatmağınıza səbəb olur”, deyə Daniel Amen qeyd edib.

Beyin sağlamlığını və uzunömürlülüyü qorumaq üçün həkim kiçik addımlarla başlamağı tövsiyə edir: məsələn, hər gün ən azı 15 dəqiqə daha tez yatmaq.

"Ola bilsin ki, "Netflix"ə baxmaqdan və ya telefona baxmaqdan şüurlu şəkildə imtina edəsiniz”, deyə o məsləhət görüb.

Aydın

--> -->