Xəbər lenti

Zərdabi restoran qapıçısı kimi... - Kim getməlidir: Zərdabi, yoxsa rerstoran?
Ölkə 16:25 12.12.2025

Zərdabi restoran qapıçısı kimi... - Kim getməlidir: Zərdabi, yoxsa rerstoran?

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsi təklifi ilə çıxış edib. O, Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxış zamanı bildirib ki, Həsən bəy Zərdabi orada restoranın qapıçısı kimi görünür:

"İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. İndi Həsən bəy Zərdabi orada restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxırlar ki, bu kimdir? Təklif edirəm ki, həmin heykəl Şəhriyar adına klubla üzbəüzə - Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün".

Anar Rzayevin bu təklifinə Həsən bəy Zərdabinin xələfləri nə deyir?

"Bizim yol" qəzetinin Baş redaktoru Bahəddin Həziyev Qaynarinfo-ya açıqlamasında sözügedən yerdə fəaliyyət göstərən restoranın bağlanmadığına inanmır:

"Bəli, böyük maarifçi ziyalımız Həsən bəy Zərdabinin heykəli orda restoran açılmamışdan əvvəl var idi. Anarın təsvir etdiyi vəziyyət yarandığına görə seçim zərurəti yaranıb: ya orda Həsən bəy Zərdabinin heykəli qalmalıdır, ya restoran. Ancaq hazırkı dövrdə mədə mədəniyyətdən üstün mövqeyə keçdiyinə görə, restoranın bağlanması deyil, heykəlin köçürülməsi müzakirə olunur. Görünür, İçərişəhərə Zərdabini yaraşdırmırıq, bizə xarici turist, Zərdabi kimi milli altruistdən daha maraqlıdır. Hərçənd biz elə turistə dolmanın, lavaşın, Qız Qalasının, təndir çörəyinin, yaxud Şirvanşahlar Sarayının yanında Həsən bəy Zərdabini də tanıtmalıyıq. Yazıçının təklifinə qayıtsaq, hər halda restoranı bağlamayacaqlar".
 

 
Bahəddin Həziyev bu səbəbdən də heykəlin köçürülməsi haqda qərarın verilə biləcəyini düşünür:

"Onda, heç olmasa, Zərdabinin adına, millət üçün göstərdiyi xidmətlərə uyğun yer seçilsə, yaxşı olar. Amma ümumilikdə mənim heykəl məsələsinə öz yanaşmam var. Həsən bəy Zərdabini heykəlsiz də tanıyırıq, tanımalıyıq, tanıtmalıyıq. Sevirik, sevməliyik, sevdirməliyik. Onu elm daha çox öyrənməlidir, təhsil daha çox oxutmalıdır. Bunlar heykəldən də vacibdir. Amma heykəli də olursa, nə yaxşı. Amma yaxşı yerdə, yaxşı səviyyədə. Restoran qapısında yox".

Cəbhəinfo.az qəzetinin baş redaktoru Rəfael Becanov hesab edir ki, milli mətbuatın banisi Həsən bəy Zərdabinin heykəlinin köçürülməsi ilə bağlı Anarın təklifinin mənası hazırda yerləşdiyi ərazidəki uyğunsuzluqla bağlıdır:

"Hesab edirəm ki, diqqətə alınmalı təklifdir. Müvafiq icra hakimiyyəti bunu nəzərə alsa, yaxşı olar. Zərdabi milli fikrin formalaşmasında xüsusi yeri olan böyük maarifçilərimizdən biridir. Onun milli mətbuatımızla yanaşı, təhsillə, xeyriyyəçiliklə bağlı da xüsusi xidmətləri olub. Eyni zamanda Bakı Dumasının üzvü olub. İctimai xadim, maarifpərvər, mətbuatımızın yaradıcısı olmaqla yanaşı, Bakı şəhərinin inkişafında da əməyi tarixdən məlumdur”.
 

 
Rəfael Becanovun fikirincə, məsələyə təkcə heykəl və restoran səviyyəsində baxılması doğru deyil:

"Hər yerdə bir az yaxın, yaxud bir az uzaq heykəl də ola bilər, restoran da. Sadəcə, milli düşüncəmizin inkişafında özünəməxsus yeri olan bir şəxsiyyəyin heykəlinin qələbəlik məkanda olması daha yaxşıdır. Təbii ki, biz milli mətbuatımızın yaradıcısını, maarifpərvər şəxsiyyətimizi daha çox adamın tanımasını, ona olan hörmətimizi, sayğımızı görməsini istəyirik. Xüsusən istəyirik ki, gənclərimiz bu tarixi şəxsiyyətlərimizi tanısınlar. Bu baxımdan hörmətli Anarın heykəlin Şəhriyar klubu ilə üzbəüz Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülməsi təklifi maraqlıdır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->