Xəbər lenti

İranın əsas hərbi gücü: İnqilab Keşikçiləri kimdir, mozaik müdafiə sistemi nədir?
Dünya 16:46 10.03.2026

İranın əsas hərbi gücü: İnqilab Keşikçiləri kimdir, mozaik müdafiə sistemi nədir?

İran son hava hücumlarından sonra faktiki olaraq səfərbərlik vəziyyətinə keçib. Paytaxt küçələrində silahlı qüvvələrin yerləşdirildiyi iddia olunur. Bu fonda ölkənin taleyini müəyyən edə biləcək yeni lider və güclü hərbi struktur diqqət mərkəzinə çıxıb. Daxildə və xaricdə bütün diqqətlər indi bir nöqtəyə – İran İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yönəlib.

Bəs Müctəba Xameneinin bu qurumla münasibətləri necə olacaq? İnqilab Keşikçilərinin ölkə daxilində və müharibədəki rolu yeni liderin hakimiyyətini necə formalaşdıracaq? Ən əsası isə bu güclü hərbi struktur müharibənin gedişinə necə təsir göstərə bilər?

Qaynarinfo "Hürriyet”in mövzu ilə bağlı araşdırmasını təqdim edir.

İsrail və Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi hava hücumlarından sonra ölkədə təhlükəsizlik tədbirləri sürətlə gücləndirilib. Xüsusilə ilk hücumlardan bir neçə saat sonra İranın ən güclü təhlükəsizlik qurumlarından biri olan İnqilab Keşikçiləri Korpusuna bağlı milis qüvvələri paytaxt Tehran başda olmaqla bir çox iri şəhərdə məhəllə səviyyəsinədək yerləşdirilib.

Şəhərlərdə təhlükəsizliklə bağlı səfərbərlik

Hücumlardan sonra ölkədə siyasi balans da sürətlə dəyişməyə başlayıb. Uzun müddətdir davam edən liderlik müzakirələrinin sona çatdığı bildirilir. Ekspertlər Məclisinin qərarı ilə İranın yeni dini lideri Müctəba Xamenei elan edilib. Atası Əli Xameneinin ölümündən sonra baş verən bu seçim ölkədə "hakimiyyətin atadan oğula keçməsi” müzakirələrini yenidən gündəmə gətirib.

"New York Times” qəzetinin yazdığına görə, hücumlardan sonra Tehranda və digər iri şəhərlərdə diqqətçəkən təhlükəsizlik səfərbərliyi müşahidə olunub. Qəzetə danışan şahidlərin iddialarına əsasən, İnqilab Keşikçilərinə bağlı paramilitar qüvvələr xüsusilə şəhər mərkəzlərində və əhalinin sıx yaşadığı məhəllələrdə yerləşdirilib.

Məqalədə həmçinin internetə yüklənmiş bəzi videolara istinad edilərək mülki geyimli və silahlı şəxslərin avtomobilləri saxlayaraq yoxlama apardıqları görüntülərin yayıldığı iddia olunur.

Bildirilir ki, bu nəzarət məntəqələrində sürücülərlə yanaşı sərnişinlərin mobil telefonları da yoxlanılır. Səlahiyyətlilərin xüsusilə müharibə əleyhinə mesajları, etiraz çağırışlarını və hücumlara yönəlmiş reaksiyaları araşdırdıqları iddia edilir.

"New York Times”ın məlumatına görə, qara rəngli zirehli iğtişaşəleyhinə texnikalar da şəhərin müxtəlif nöqtələrinə yerləşdirilib. Bu texnikaların çox vaxt qapalı ərazilərdə, xüsusilə məktəb həyətlərində saxlanıldığı müşahidə olunub. Bəzi analitiklər bunun raket hücumlarından nisbətən daha az zərər görə biləcək məkanlar olduğu üçün seçildiyini bildirir.

ABŞ-ın Tennessi Universitetinin siyasi elmlər professoru Səid Qolkar qəzetə açıqlamasında bildirib ki, bu yerləşdirmə yalnız hərbi tədbir olmaya bilər.
Onun sözlərinə görə, dünyaya dövlətin vəziyyətə tam nəzarət etdiyi görüntüsü verilməyə çalışılır. Ölkə daxilində isə insanların küçələrə çıxmasının və etiraz etməsinin qarşısını almaq üçün qorxu mühiti formalaşdırılır.
 


Müctəba Xamenei ilə inqilab keşikçiləri arasındakı münasibətlər

İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçılarından Oral Toğa bildirib ki, Müctəba Xamenei İran–İraq müharibəsi zamanı İnqilab Keşikçiləri Korpusunun Həbib batalyonunda döyüşüb. Orada qurduğu əlaqələr onun siyasi kapitalının əsasını təşkil edir. Atasının rəhbərlik dövründə isə Rəhbərlik Ofisinin faktiki rəhbəri kimi İnqilab Keşikçiləri komandanlığı ilə birbaşa əlaqədə olub. 2009-cu ildə Bəsic qüvvələrinin küçə əməliyyatlarını koordinasiya etdiyi, 2005-ci ildə isə Əhmədinejadın seçki prosesinə təsir göstərdiyi barədə ciddi iddialar var. Onun İnqilab Keşikçiləri ilə əlaqəsi ideoloji deyil, daha çox əməliyyat səviyyəsindədir”.

Toğa bildirib ki, bu münasibətlərin konkret nümunələri də mövcuddur:

"Müctəba Xameneinin İnqilab Keşikçilərinin keçmiş kəşfiyyat rəhbəri Hüseyn Taib ilə yaxın əlaqələri məlumdur. Parlament sədri Məhəmməd Baqir Qalibaf da İnqilab Keşikçiləri mənşəli siyasətçidir və Müctəba Xameneiyə sədaqətini bildirən ilk şəxslərdən biri olub”.
 
Onun sözlərinə görə, Müctəba Xamenei İnqilab Keşikçilərinin komandanı Əhməd Vahidi ilə də birbaşa iş əlaqələrinə malikdir. Bundan başqa, onun qurumla əlaqəli iqtisadi şəbəkələrlə də bağlı olduğu bildirilir.

"Bloomberg”in məlumatına görə, onun adına açıq şəkildə görünməyən, lakin milyardlarla dollar dəyərində aktivləri idarə edən maliyyə şəbəkəsi mövcuddur və bu şəbəkənin mühüm hissəsi İnqilab Keşikçilərinə yaxın iş dairələri ilə əlaqəlidir.
 


İnqilab keşikçiləri təkcə hərbi qüvvə deyil

ABŞ-da bəzi siyasi dairələr İranda mövcud böhran vəziyyətinin rejim dəyişikliyi üçün imkan yarada biləcəyini düşünür.
 
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İnqilab Keşikçiləri silahı yerə qoysa, İran xalqının hakimiyyəti dəyişdirmə ehtimalı arta bilər.
 
Lakin region üzrə mütəxəssislər bu ssenarinin reallaşma ehtimalının çox aşağı olduğunu bildirirlər. İran sistemi zahirdə teokratik dövlət kimi görünsə də, ölkədə real güc balansının böyük hissəsi İnqilab Keşikçilərinin əlindədir.
 
Analitiklərin fikrincə, İnqilab Keşikçiləri yalnız hərbi güc deyil; eyni zamanda siyasi və iqtisadi sahələrdə də böyük təsirə malikdir. Buna görə də İranda hər hansı rejim dəyişikliyinin qarşısındakı əsas maneələrdən biri hesab olunur.

İnqilab Keşikçiləri necə yarandı?

İnqilab Keşikçiləri Korpusu 1979-cu ildə İran İslam İnqilabından dərhal sonra yaradılıb.

İnqilabın lideri Ayətullah Ruhullah Xomeyni devrilmiş şah rejiminə bağlı olduğu düşünülən ənənəvi orduya tam etibar etmirdi. Fars dilində "Arteş” adlanan bu ordu haqqında Xomeyninin "Arteşin qanında şah var” ifadəsini işlətdiyi bildirilir.

Bu səbəbdən inqilabı qorumaq məqsədilə tamamilə yeni hərbi struktur yaradıldı. İnqilab Keşikçilərinin əsasını isə inqilab zamanı məhəllələrdə təşkilatlanmış və əsasən məscidlərin ətrafında fəaliyyət göstərən komitələr təşkil edirdi.

Bu qrupların əsas vəzifəsi inqilab əleyhdarı hesab edilən qüvvələri zərərsizləşdirmək və yerli ərazilərdə təhlükəsizliyi təmin etmək idi.

İran-İraq müharibəsi bu qurumu dəyişdirdi

Oral Toğanın sözlərinə görə, İran–İraq müharibəsi bu qurumu köklü şəkildə dəyişdirdi.

Savaşın əvvəlində İnqilab Keşikçiləri nizam-intizamsız könüllü dəstələrdən ibarət idi. Lakin səkkiz illik müharibə ərzində öz komanda strukturlarını, kəşfiyyat sistemlərini, dəniz və hava qüvvələrini, həmçinin logistika infrastrukturlarını yaratdılar. Müharibənin sonunda isə artıq milis qurum deyil, müntəzəm ordunun yanında ikinci silahlı qüvvə halına gəldilər.

Müharibə həm də qurumun siyasi təsirinin artmasına səbəb oldu. Müharibə veteranları və şəhid ailələri üzərindən geniş sosial baza formalaşdırıldı və böyük fondlar yaradıldı.

Bu sosial dayaqlar sayəsində İnqilab Keşikçiləri sonradan iqtisadiyyata daxil oldu. "Xatəmül-Ənbiya” İnşaat Qərargahı müharibədən sonra yenidənqurma layihələrini həyata keçirərək İranın ən böyük mühəndislik və tikinti holdinqlərindən birinə çevrildi.

Xamenei dövründə güclənmə

1989-cu ildə Ayətullah Xomeyninin ölümündən sonra İranın yeni dini lideri Əli Xamenei oldu. Bu dövr İnqilab Keşikçilərinin təsirinin daha da artdığı mərhələ hesab edilir.

Xamenei rəhbərliyi bu qurumu yalnız hərbi güc kimi deyil, dövlətin strateji institutlarından biri kimi formalaşdırdı və onun siyasi və iqtisadi sahələrə daxil olmasına şərait yaratdı.

İran iqtisadiyyatının böyük hissəsi onların nəzarətindədir

2002-ci ildə İranın gizli nüvə proqramının üzə çıxmasından sonra Qərb ölkələri Tehrana geniş iqtisadi sanksiyalar tətbiq etdi.

Bu sanksiyalar ölkə iqtisadiyyatında ciddi problemlər yaratdı. Lakin İnqilab Keşikçiləri bu dövrdə yeni rol qazandı. Qurum neft və digər malların ölkəyə gətirilməsi və ölkədən çıxarılması üçün qeyri-rəsmi ticarət şəbəkələri yaratdı.

Vaşinqtonda yerləşən "Demokrasiyanı Müdafiə Fondu”nun tədqiqatçısı Bəhnam Ben Talebluya görə, İnqilab Keşikçiləri bu gün İran iqtisadiyyatının ən azı 25 faizinə nəzarət edir. Bəzi hesablamalara görə isə bu göstərici 50 faizə qədər yüksələ bilər.

Yaxın Şərqə təsiri

2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi və Səddam Hüseynin devrilməsi İran üçün regionda yeni imkanlar yaratdı.

Bu dövrdə İnqilab Keşikçiləri xüsusilə xarici əməliyyatlara cavabdeh olan Qüds Qüvvələri vasitəsilə regional təsirini genişləndirdi.

Qüds Qüvvələrinin dəstəklədiyi silahlı qruplar Livan, Suriya, İraq, Yəmən və Qəzzada fəaliyyət göstərməyə başladı. Analitiklər bu şəbəkəni "İranın regional müqavimət oxu” kimi xarakterizə edirlər.

Qurumun strukturu

"New York Times”ın məlumatına görə, İnqilab Keşikçilərinin ümumi şəxsi heyətinin sayı 125 min ilə 180 min arasında qiymətləndirilir.

Polis də daxil olmaqla bütün təhlükəsizlik qüvvələri nəzərə alındıqda İranda təhlükəsizlik sahəsində çalışanların sayının 1,5 milyona qədər çatdığı bildirilir.
Qurumun əsas hərbi qolları bunlardır:

Quru qoşunları
Dəniz qüvvələri
Hava qüvvələri
Qüds Qüvvələri (xarici əməliyyatlar)

Bundan əlavə, qurumun öz kəşfiyyat strukturu da mövcuddur. Bəsic adlı könüllü milis təşkilatı da İnqilab Keşikçilərinin təsiri altında fəaliyyət göstərir.
 


"Mozaik Müdafiə Sistemi” nədir?

İnqilab Keşikçiləri təhlükəsizlik strategiyasında "mozaik doktrinası” adlandırılan yanaşmanı tətbiq edir.

Bu strategiya iki mühüm hadisədən sonra formalaşdırılıb:

2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi və mərkəzi hakimiyyətin sürətlə çökməsi
2009-cu ildə İranda baş verən "Yaşıl Hərəkat” etirazları
Bu sistemə görə komanda strukturu mərkəzləşdirilmiş deyil, regional model əsasında qurulur. Beləliklə, ölkənin müxtəlif bölgələrində yerləşən komandirlər müstəqil qərarlar qəbul edə bilir.

İranda hər biri bir vilayəti təmsil edən 31 regional komandanlıq mövcuddur. Bundan başqa, məhəllə səviyyəsinədək uzanan kiçik təhlükəsizlik bölmələri də yaradılıb.

Ekspertlər bildirir ki, bu struktur Tehrandakı mərkəzi rəhbərlik zəifləsə belə, İnqilab Keşikçilərinin ölkə üzrə nəzarəti saxlaya bilməsinə hesablanıb.
Berlin Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Həmidrza Əzizi deyir:

"Bu sistem əvvəlcədən hazırlanmış plan əsasında işləyir. Xamenei olmasa belə, mexanizm fəaliyyətini davam etdirə bilər”.

Yeni Komandan: Əhməd Vahidi

Son həftələrdə baş verən hücumlar İnqilab Keşikçilərinin rəhbərliyində də dəyişikliklərə səbəb olub.

İsrail və ABŞ tərəfindən həyata keçirilən hücumlarda iki yüksək rütbəli komandanın öldürüldüyü bildirilib. Onlardan biri iyunda, digəri isə 28 fevralda həyatını itirib.

Bu hadisələrdən sonra martın 1-də Əhməd Vahidi İnqilab Keşikçilərinin yeni komandanı təyin olunub.

Vahidi əvvəllər İranın daxili işlər və müdafiə naziri vəzifələrində çalışmış təcrübəli hərbi xadimdir. O, həmçinin 1988-ci ildə yaradılan Qüds Qüvvələrinin qurucu komandirlərindən biri olub və uzun müddət bu quruma rəhbərlik edib.

Lakin Vahidinin adı beynəlxalq miqyasda mübahisəli hadisələrlə də hallanır. Argentina 1994-cü ildə Buenos-Ayresdə yəhudi icma mərkəzinə edilən bombalı hücumla bağlı onun haqqında İnterpol xətti ilə axtarış elan edilməsini tələb edib. Həmin hücum nəticəsində 85 nəfər həlak olmuşdu.

İran isə bu hadisə ilə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə rədd edir.

Günay
--> -->